Azərbaycan Cümhuriyyəti Ordusunda milli ideologiya və mənəvi tərbiyə siyasəti
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Cümhuriyyəti (1918-1920) türk-müsəlman dünyasında və Şərqdə ilk dünyəvi, demokratik respublika kimi tarixə düşüb. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu sahəsində mühüm addımlar atmış, xüsusilə milli ordunun yaradılmasını prioritet vəzifə elan etmişdi.
AZƏRTAC xəbər verir ki, AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlının yazdığı kimi, ordu quruculuğu yalnız hərbi hissələrin formalaşdırılması ilə məhdudlaşmırdı. Çar Rusiyasının uzun illər azərbaycanlıları hərbi xidmətdən uzaq saxlaması səbəbindən yeni orduda milli şüurun, vətənpərvərlik hissinin və dövlətə sədaqətin formalaşdırılması xüsusi əhəmiyyət daşıyırdı.
1918-ci il noyabrın 1-də Hərbi Nazirliyin yenidən təsis olunması ilə ordu quruculuğu tam şəkildə Azərbaycan hökumətinin nəzarətinə keçdi. Dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir təyin edildi. O, ilk müraciətində Azərbaycanın müstəqilliyini qorumaq və ölkədə sabitliyi təmin etmək üçün güclü milli ordunun vacibliyini vurğuladı.
M.Ağalarlı yazır ki, orduda ideoloji işin mühüm istiqamətlərindən biri dövlət dilinin tətbiqi idi. Azərbaycan dili dövlət dili elan edildikdən sonra hərbi hissələrdə təlimlərin və komandaların ana dilində aparılması tələb olundu. Rus və gürcüəsilli zabitlər üçün Azərbaycan dili kursları təşkil edildi, hərbi komandaların azərbaycanca işlədilməsi məcburi xarakter aldı. Səməd bəy Mehmandarov milli şüurun möhkəmləndirilməsi üçün Azərbaycan və türk tarixinin öyrənilməsinə xüsusi önəm verirdi. O hesab edirdi ki, xalqın qəhrəmanlıq keçmişinin tanıdılması əsgərlərdə milli qürur hissini gücləndirəcək və xarici ideoloji təsirlərə qarşı dayanıqlığı artıracaq.
Müəllifin fikrincə, orduda milli-mənəvi dəyərlərin təbliğində Novruz bayramı, dövlətçilik rəmzləri və hərbi paradlar da mühüm rol oynayırdı. 1919-cu il mayın 28-də müstəqilliyin birinci ildönümü münasibətilə keçirilən paradlar əsgərlərin dövlətçilik ideallarına bağlılığını gücləndirmişdi.
Məqalədə bildirilir ki, Cümhuriyyət rəhbərliyi dini amilin də səfərbəredici gücünü nəzərə alırdı. Hərbi Mollalar İnstitutu yaradılmış, hərbi hissələrdə din xadimlərinin fəaliyyəti təşkil olunmuşdu. Mollalar təkcə dini ayinləri icra etmir, həm də əsgərlərin mənəvi tərbiyəsi ilə məşğul olurdular. Ramazan, Qurban və digər dini bayramlar orduda rəsmi qaydada qeyd edilir, eyni zamanda, xristian hərbçilərin dini bayramlarına da hörmət göstərilirdi. Ordunun ideoloji təhlükəsizliyi qarşısında ən ciddi təhdid bolşevik təbliğatı idi. Sovet Rusiyasının dəstəyi ilə fəaliyyət göstərən bolşevik qrupları əsgərlər arasında təşviqat aparır, çağırış prosesinə mane olmağa çalışırdılar. Bu təhlükənin qarşısını almaq üçün hökumət xüsusi tədbirlər gördü və 1919-cu ilin sentyabrında Hərbi Əks-Kəşfiyyat xidməti yaradıldı.
Müəllif qeyd edir ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan Cümhuriyyəti Ordusunda həyata keçirilən milli ideologiya, ana dili, tarix və mənəvi dəyərlərə əsaslanan tərbiyə siyasəti öz bəhrəsini verdi. Bu siyasət qısa müddətdə milli dövlətçiliyə sadiq, vətənpərvər və döyüş qabiliyyətli ordu formalaşdırmağa imkan yaratdı.
Cümhuriyyət ordusu Qarabağ, Zəngəzur və digər bölgələrdə ölkənin ərazi bütövlüyünün qorunmasında mühüm rol oynadı. Onun sıralarında formalaşan milli məfkurə və dövlətçilik ruhu isə 1920-ci il işğalından sonra da xalqın yaddaşında yaşayaraq Azərbaycanın sonrakı müstəqillik mübarizəsinə mənəvi dayaq oldu.