“Azərbaycan Dəmir Yolları” QSC bəzi bölgələrə sərnişin qatarlarının işləməməsinə aydınlıq gətirib VİDEO
Lənkəran, 25 iyun, İlkin Adıyev, AZƏRTAC
Koronavirus pandemiyası başlayanda bütün dünyada olduğu kimi, Azərbaycanda da bir sıra qadağalar tətbiq edilmişdi. Onlardan biri də qatarla ölkədaxili sərnişin daşınması idi. Lakin xüsusən son aylarda pandemiyanın səngiməsi karantin qaydalarında da qadağaların aradan qaldırılması ilə nəticələndi. O cümlədən ötən il Bakı-Gəncə-Bakı və Bakı-Sumqayıt qatarlarının fəaliyyəti bərpa olundu. Lakin hazırda koronavirusa yoluxmaların sayı ölkədə birrəqəmli olsa da, digər rayonlara qatarla sərnişindaşımalar hələ də bərpa edilməyib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus pandemiyasından əvvəl Bakıya gəlmək üçün qatardan istifadə edən sakinlərdən biri də Lənkəran sakini Ramiz Hacıyevdir. O bildirir ki, pandemiyadan qabaq qatarla Bakıya, eləcə də Astaraya gedib-gələrdi. Hər kəs də razılıq edərdi. “Bu qatarlar həm sərnişinlərin, həm də yüklərin Bakıya daşınmasında çox kömək olurdu. Son illər pandemiya ilə əlaqədar Bakı-Astara qatarının fəaliyyəti dayandırıldı. Bu da insanların rahat gediş-gəlişində müəyyən çətinliklər yaradır”, - deyə o söyləyir.

Sərnişinlər qiyməti taksi və digər nəqliyyat növlərindən aşağı olduğu üçün dəmir yolu ilə gedib-gəlməyə üstünlük verirlər. Lakin qatarla sərnişin daşınması tam bərpa edilmədiyindən problemlərlə üzləşirlər.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən sorğumuza verilən cavabda qeyd olunur ki, ölkədə dəmir yolu nəqliyyatı infrastrukturunda əsaslı təmir işləri davam etdirilir. QSC-nin həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində bu il fevralın 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqaməti üzrə sərnişin qatarının marşrutu Ağstafayadək uzadılıb, ilk dəfə olaraq Bakı-Qəbələ-Bakı istiqaməti üzrə sərnişin daşımalarına başlanılıb. Dəmir yollarının əsaslı təmiri və sürətli qatarlardan istifadə nəticəsində, sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən sərnişin qatarı ilə 8 saata çatdırılırdısa, artıq bu məsafə 4 saat 55 dəqiqəyə qət olunur. Marşrut xəttinin uzadılması Tovuz stansiyasında da fəaliyyətin təmin olunmasına imkan yaradıb.

“Hazırda bir sıra istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçid üzrə işlər, elektrik xətləri, işarəvermə və rabitə sistemləri, o cümlədən stansiyalardakı inzibati binalar, elektrik xətləri təmir olunur. Eləcə də ADY tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində 2023-2024-cü illərdə 10 ədəd “Stadler Flirt” tipli sərnişin qatarının alınması, infrastrukturun modernləşdirilməsi və reyslərin bərpası istiqamətində müvafiq işlər aparılır. Kompleks tədbirlər planı tamamlandıqca ölkədaxili sərnişin daşımalarının bərpası növbəli şəkildə gündəmə gələcək”, - deyə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
