QAN YADDAŞI
AZƏRBAYCAN DİASPORUNUN TƏŞKİLATLANMASI İSTİQAMƏTİNDƏ İŞLƏR 2008-Cİ İLDƏ DƏ UĞURLA DAVAM ETDİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, fevralın 29-da Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) sədri Nazim İbrahimov 2007-ci ilin yekunları və cari ildə qarşıda duran vəzifələrlə bağlı mətbuat konfransı keçirmişdir.
Komitənin Azərbaycan Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərdiyini qeyd edən sədr, 2007-ci ildə Azərbaycan diasporunun fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olmağa çalışdıqlarını bildirmişdir. Ötən ilin iki mühüm tədbirini xatırladan N.İbrahimov, onlardan birinin 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərnin I forumunun, digərinin isə Türk Dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının olduğunu qeyd etmişdir. Hər iki tədbiri Prezident İlham Əliyevin türk xalqları arasında birliyin möhkəmləndirilməsinə verdiyi xüsusi önəmin göstəricisi adlandıran Nazim İbrahimov bir daha xatırlatmışdır ki, bu tədbirlərdə türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, ortaq layihələrin həyata keçirilməsi prosesinin intensivləşdirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilmişdir.
Keçən il xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması sahəsində görülən işlərdən danışan XÖYAİDK-in sədri, Azərbaycan icmalarının strukturunun təkmilləşdirilməsi və onların fəaliyyətinin əlaqələndirilməsi işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması, müxtəlif ölkələrdə yeni Azərbaycan icmalarının təsis edilməsi, eyni ölkə ərazisində fəaliyyət göstərən icmaların fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə onların vahid mərkəzdə birləşdirilməsi kimi məsələlərə də toxunmuşdur. Bu istiqamətdə çoxsaylı faktları sadalayan Nazim İbrahimov Rusiyada və Gürcüctanda yaşayan soydaşlarımızın vəziyyətinin yaxşılaşdırılması, onların hüquqlarının qorunması istiqamətində görülən işlərə xüsusi diqqət yetirildiyini bildirmişdir.
Nazim İbrahimov qeyd etmişdir ki, 20 Yanvar faciəsi, Xocalı qətliamı, 31 mart - Azərbaycanlılıarın soyqırımı günü ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, eləcə də Azərbaycan mədəniyyətinin təbliği məqsədi ilə diaspor təşkilatlarımızın həyata keçirdiyi bütün layihələrə Dövlət Komitəsi lazımi dəstəyi verir.
Cari ildə həyata keçirilməsi planlaşdırılan tədbirlərə toxunan sədr bildirmişdir ki, bir sıra ölkələrdə keçiriləcək toplantılarla yanaşı, xarici ölkə parlament və hökumət nümayəndələrinin, ictimai xadimlərin, jurnalistlərin, habelə iş adamlarının ölkəmizə səfərlərinin təşkili, AMEA ilə birgə “Dünya Azərbaycanlılarının Xartiyası”nın layihəsinin hazırlanması da nəzərdə tutulur.
Mətbuat konfransında Nazim İbrahimov jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
######