ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində əmək haqları artırılıb
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) çalışan professor-müəllim, o cümlədən işçi heyətinin növbəti dəfə əmək haqqı artırılıb.
ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyev təhsil sahəsinə daim xüsusi önəm verir və bu sahəyə böyük diqqət və qayğı göstərilir.
Bütün bunların nəticəsidir ki, digər ali məktəblərlə yanaşı Azərbaycan Dillər Universitetində də təhsilin inkişafı üçün çox əhəmiyyətli tədbirlər reallaşdırılır. ADU-da çalışan professor-müəllim və digər işçilərin sosial rifahının yüksəlməsinə, maddi durumunun yaxşılaşdırılmasına da xüsusi diqqət göstərilir. Burada işçilərin maaşları yüksək səviyyəyə çatdırılıb.
Belə ki, növbəti əmək haqqı artımı ADU-nun Elmi Şurasının müvafiq qərarına əsasən həyata keçirilib. Bu addım ödənişli əsaslarla təhsil alan tələbələrin ödənişi, universitetin beynəlxalq və yerli layihələrdə qazandığı vəsait, əməkdaşların sayının azaldılması və tələbə-müəllim nisbətinin beynəlxalq standartlara uyğunlaşdırılması hesabına olub. Universitetdə çalışan kafedra müdirləri 1250 manat, professor 1100 manat, dosent 860 manat, baş müəllim 600 manat, müəllim 500 manat məbləğində əmək haqqı ilə təmin olunacaqlar. Bu da əmək haqqının 30-35 faizə qədər artımı deməkdir.
ADU-da professor-müəllim heyətinin əmək haqqı minimum 500 manat, maksimum 2000 manat təşkil edir. Bu da Azərbaycanda ali məktəblər sırasında ən yüksək göstəricilərdəndir.