CƏMİYYƏT
Azərbaycan Dini Abidələrin Qorunması üzrə Qlobal Konfransda təmsil olunub
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Portuqaliyanın Kaşkay şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumu çərçivəsində Dini Abidələrin Qorunması üzrə Qlobal Konfransda iştirak edib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, konfransda çıxış edən R.Məmmədov Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi töhfələrdən söhbət açıb, ölkəmizin BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən həyata keçirilən bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini xatırladıb.
COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet naminə” mövzusunda təşkil edilmiş Dini Liderlərin Qlobal Sammitindən bəhs edən komitə sədri vurğulayıb ki, dünyanın üzləşdiyi ekoloji problemlərin aradan qaldırılmasında müxtəlif konfessiyaların zəngin mənəvi potensialı, nüfuzlu dini liderlərin qlobal məsələlərin həllində mühüm rol oynamaq imkanı keçirilən tədbir vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
R.Məmmədov bütün dinlərin və etnik qrupların nümayəndələrinin bir ailə kimi mehriban, dinc şəraitdə yaşadıqları ölkəmizdəki 2000-dən çox məscidin, 16 kilsənin, 7 sinaqoqun və digər dini ibadət yerlərinin Azərbaycanın zəngin irsinin tərkib hissəsi olduğunu deyib. Bildirib ki, Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərimizdə Azərbaycan mədəni irsinin ayrılmaz hissəsi olan qədim Alban abidələrinin tarixinin təmir-bərpa adı altında saxtalaşdırılması, 67 məsciddən 65-nin tamamilə, 2-nin qismən məhv edilərək yararsız hala salınması, 200 qəbiristanlığın darmadağın edilməsi və bu kimi digər əməllərin törədilməsi ilə mədəni dəyərlərin qorunmasına aid bir sıra beynəlxalq konvensiyanın tələblərini kobud şəkildə pozub.
“Bununla yanaşı, çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerləri və maddi-mədəniyyət abidələrinin bərpası, mühafizəsi Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev dini icmalara, onların rəhbərlərinə ardıcıl olaraq maddi-mənəvi dəstək göstərməklə Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini dünyaya nümayiş etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsi sahəsində çoxsaylı layihələr həyata keçirilir, ölkəmizdəki, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki məscid, kilsə və sinaqoqlar təmir, bərpa olunur”, - deyə o əlavə edib.
Ramin Məmmədov, həmçinin ölkəmizin ümumbəşəri maraqlara uyğun olaraq qlobal problemlərin həllinə töhfə verməyə hazır olduğunu vurğulayıb.