QAN YADDAŞI
Azərbaycan Dövlət İqtisad Universitetində soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir
Bakı, 29 mart (AZƏRTAC). Martın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə universitetin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev erməni qəsbkarlarının zaman-zaman xalqımıza qarşı törətdikləri bəşəri cinayətlərdən danışmışdır. Bildirmişdir ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər rayonlarda minlərlə azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, yurd-yuvasından didərgin salmışlar.
Qeyd edilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı imzalamasından 15 il ötür. Həmin Fərmana əsasən, 31 mart - Azərbaycanlıların soyqırımı günü elan olunmuşdur. Həmin sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir. Bu tarix bilavasitə 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar və talanlarla bağlı olsa da, onun xronologiyası çox genişdir. İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı yürütdükləri hərbi, siyasi, ideoloji siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, mifik “Böyük Ermənistan” dövləti yaratmaq idi.
Sonra universitetin Azərbaycan tarixi kafedrasının professoru Abbas Seyidov və magistrant Ramin Ağayev məruzə ilə çıxış etmişlər.
Tədbirdə, həmçinin soyqırımını əks etdirən film nümayiş olunmuşdur.