Azərbaycan Dövlət Pedaqoji Universitetində mart soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 31 mart (AZƏRTAC, Elvira Məmmədova). Martın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, universitetin professor-müəllim heyətinin və tələbələrinin iştirak etdikləri tədbirdə bu ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov ermənilər tərəfindən xalqımıza qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışmışdır. Qeyd edilmişdir ki, digər milli faciələrimiz kimi, ermənilərin öz himayədarlarının koməyi ilə 1918-ci ilin martında xalqımıza qarşı törətdikləri soyqırımına da yalnız ümummilli lider Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə dolğun və hərtərəfli siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanına əsasən, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan olunmuşdur. Bu tarixi sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu çox böyükdür.
ADPU-nun türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov və ümumi tarix kafedrasının dosenti Səmayə Mustafayeva məruzə ilə çxış etmişlər.
Bildirilmişdir ki, ermənilər öz havadarlarının köməyi ilə zaman-zaman xalqımıza qarşı soyqırımı siyasəti apararaq kütləvi qətliamlar, görünməmiş vəhşiliklər törətmişlər. 1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc əhali öldürülmüş, görünməmiş qanlı cinayətlər törədilmişdir. O vaxtkı qırğınlar zamanı erməni daşnakları Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ və digər ərazilərdə yüzlərlə kəndi viran qoymuş, 10 minlərlə insanı məhv etmişlər.