ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Pedaqoji Universitetində TÜRKSOY-un kafedrası açılıb
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) kafedrasının açılış mərasimi keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsində türk dünyasının həmrəyliyi, birliyi, eləcə də türk ədəbiyyatının, tarixinin, mədəniyyətinin elmi tədqiqi və təbliği istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Rektor bildirib ki, ADPU Türkiyənin bir çox universitetləri ilə elm və təhsil sahəsində uğurlu əməkdaşlıq edir. Universitetdə TÜRKSOY-un kafedrasının açılması da bu istiqamətdə atılan vacib addımlardan biridir. Bu kafedra ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetində yaradılıb. O, TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirib və bu təşkilat ilə ADPU arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyini vurğulayıb.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi, professor Düsen Kaseinov TÜRKSOY-un kafedrasının yaradılmasından və ADPU-nun türk dünyasına dəyərli töhfələr verməsindən məmnun qaldığını bildirib.
Tədbirdə TÜRKSOY-un fəaliyyətini əks etdirən film nümayiş olunub.
Sonra ADPU ilə TÜRKSOY arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq protokolu imzalanıb. Protokolda ADPU ilə TÜRKSOY, eləcə də bu quruma üzv olan ölkələr arasında elmi-mədəni mübadiləni təmin etmək, türk mədəniyyəti ilə bağlı elmi araşdırmalar aparmaq, təhsil sahəsində ortaq layihələr hazırlamaq və qarşılıqlı əməkdaşlıq öz əksini tapıb.
Mərasimdə ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilova, “Türk araşdırmaları” elmi-tədqiqat laboratoriyasının müdiri, professor Elman Quliyevə, ədəbiyyat və onun tədrisi metodikası kafedrasının professoru Yaqub Babayevə, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Mahmud Allahmanlıya Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə TÜRKSOY tərəfindən təsis edilmiş medallar təqdim olunub.