AZƏRBAYCAN ƏDALƏTLİ VƏ PRİNSİPİAL MÖVQEYİNDƏN DÖNMƏYƏCƏKDİR
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan-ATƏT əməkdaşlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülh danışıqları prosesi, ölkəmizin bir sıra sosial-iqtisadi sahələrini əhatə edən islahatlar, irimiqyaslı enerji layihələri kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulamışdır. O, bu prinsiplərin hər iki ölkənin xarici işlər nazirlərinin mayın ikinci yarısında Strasburqda nəzərdə tutulan görüşündə Azərbaycanın əsas mövqeyini təşkil edəcəyini söyləmişdir.
Pyer Şevalye münaqişənin həllində beynəlxalq təşkilatların səylərinin, xüsusən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların müsbət nəticə verəcəyinə ümidvar olduğunu söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.