AZƏRBAYCAN ƏRAZİSİNDƏ 2010-2011-Cİ İL ÜÇÜN OV MÖVSÜMÜ AÇIQ ELAN EDİLMİŞDİR
Bakı, 12 iyun (AZƏRTAC). Azərbaycan Respublikası ərazisində 2010-2011-ci il üçün ov mövsümü açıq elan edilmişdir.
Respublika ərazisində 2010-2011-ci illərin ov mövsümündə 5 iyun-23 oktyabr tarixində təkənin, 13 sentyabr-25 dekabrda qabanın (çöl donuzu), dekabrın 11-dən 2011-ci il fevralın 5-dək dovşanın ovlanmasına icazə verilir.
Bataqlıq qunduzunun (nutriya) 2010-cu il 16 oktyabrdan 2011-ci il fevralın 26-dək nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir.
Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədi ilə onların ilboyu ovlanmasına icazə verilir.
Vəhşi heyvanların sayının tənzimləməsi məqsədi ilə Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllıda qabanın (çöl donuzu), Zaqatala, Şəki, Qax, Oğuzda təkənin ovlanmasına icazə verilir.
Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlıda isə dovşan ovlamaq olar.
Ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır.
Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafında olan 1 kilometrə qədər sahələrdə ov qadağan edilmişdir.