SİYASƏT
Azərbaycan Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 3-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin Xarici İşlər nazirləri səviyyəsində fövqəladə iclası keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclas İsrail-Fələstin məsələsinə dair ABŞ Administrasiyasının “Əsrin sövdələşməsi” adlandırılan sülh razılaşması ilə əlaqədar çağırılıb.
İclasda Azərbaycan nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Ramiz Həsənov rəhbərlik edib.
Müzakirələr zamanı çıxış edən Ramiz Həsənov ölkəmizin məsələyə dair mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini, problemin “iki dövlət” prinsipi əsasında ədalətli və hərtərəfli həllini dəstəklədiyini bildirib.
Həmçinin ölkəmizin bu məsələnin beynəlxalq hüquq və BMT qətnamələrinə əsaslanan “iki dövlət” həll prinsipinə sadiq olduğu vurğulanıb.
İclasın sonunda İƏT İcraiyyə Komitəsinin görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub.