AZƏRBAYCAN GƏNCLƏRİNİN AVROPA BİRLİYİ GƏNCLƏR PROQRAMI ÇƏRÇİVƏSİNDƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNƏCƏKDİR
Azərbaycan Könüllülər İctimai Birliyi Avropa Birliyi Gənclər Proqramı çərçivəsində Böyük Britaniya Milli Gənclər Agentliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yanvarın 27-dən fevralın 3-dək “ Gənclərin əməkdaşlığının yeni modeli “ adlı beynəlxalq təlim kursu keçirir.
AZƏRTAC xəbər verir ki, yanvarın 28-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, təlim kursunun əsas məqsədi Azərbaycan gənclərinin Avropa Birliyinə qonşu olan ölkələrdəki gənclər təşkilatları ilə Avropa Birliyi Gənclər Proqramı çərçivəsində əməkdaşlığını genişləndirmək və birgə layihələrin hazırlanmasına təkan verməkdir.
Azərbaycan Könüllülər İctimai Birliyinin beynəlxalq təlim kursunun Bakıda keçirilməsi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirən nazir müavini demişdir ki, belə layihələrin reallaşması nəticəsində xarici ölkələrdən gələn gənclər Azərbaycanda baş verən ictimai-siyasi proseslərlə bağlı daha dəqiq məlumatlar ala bilirlər.
Ölkəmizdə ötən 2007-ci ilin Gənclər ili olduğunu söyləyən İ.Babayev gənclərlə əlaqədar dövlət siyasətindən, onların dövlət quruculuğunda və cəmiyyətdəki fəal iştirakından danışmışdır.
Böyük Britaniyanın Sərhədsiz Gənclər Təşkilatının rəhbəri Nadya Reyn təlim kursunda qeyri-formal metodlardan istifadə ediləcəyini və kursların beynəlxalq statuslu təlimçilər tərəfindən aparılacağını bildirmişdir.
Təlim kursu zamanı Avropa Birliyi Gənclər Proqramı “ Youth in Action” çərçivəsində gənclərin mübadiləsi, təlim kursların, müxtəlif seminarların keçirilməsi, Avropa Könüllülük Xidməti çərçivəsində layihələrin hazırlanmasi və digər məsələlərə dair məlumatlar veriləcəkdir.