AZƏRBAYCAN GƏNCLƏRİNİN NÜMAYƏNDƏ HEYƏTİNİN SƏUDİYYƏ ƏRƏBİSTANINA SƏFƏRİ
Səfər Ər-Riyad şəhərində Kral Fəhd adına beynəlxalq idman kompleksinə baxışla başlanmış, sonra nümayəndə heyəti gənclər klubunun fəaliyyəti ilə tanış olmuşdur.
Gənclərimizin İmam Məhəmməd bin Səud Universitetinin rektoru, Səudiyyə Ərəbistanı Gənclər və İdman Şurası sədrinin müavini əmir Navvaf Al Səud ilə görüşləri yaddaqalan olmuşdur. Dostluq şəraitində keçən söhbət zamanı Səudiyyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması və qarşılıqlı səfərlərin əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyi vurğulanmışdır. Əmir Navvaf 2006-cı ildə səudiyyəli gənclərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfər etmək niyyətində olduğunu bildirmişdir.
Sonra Mədinə şəhərinə gələn nümayəndə heyəti Məhəmməd Peyğəmbərin dəfn olunduğu Məscid ül-Nəbəvini, ilk müsəlman məscidi olan Məscid ül-Qübbəni, habelə Qibləteyn və Uhud şəhidləri məscidlərini ziyarət etmiş, Qurani-Kərimi nəşr edən Kral Fəhd mətbəəsinin fəaliyyəti ilə tanış olmuşdur.
Səfər proqramında gənclərimizin Məkkə şəhərinə getməsi də nəzərdə tutulur.
Səudiyyə mətbuatında azərbaycanlı gənclərin səfəri ilə əlaqədar materiallar dərc olunmuşdur.