Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirib
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Sumqayıtda Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik və Prezident İlham Əliyevin dövlətimizin başçısı seçilməsinin 20 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səslənməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Ulu Öndərin həyat yolu və siyasi fəaliyyəti ilə əlaqədar ətraflı məruzə ilə çıxış edib, onun milli dövlətçilik tariximizdəki müstəsna xidmətlərindən bəhs edib. O, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 illik prezidentlik dövründə ölkəmizin böyük uğurlara imza atdığını, ərazi bütövlüyü və suverenliyimizin tam təmin olunduğunu, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi möhtəşəm Zəfərin, bu il sentyabrın 19-20-də aparılan lokal antiterror tədbirlərinin separatizmə qarşı mübarizə baxımından həlledici rol oynadığını bildirib.
Tədbirdə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər Təşkilatının sədri Vəfadar Novruzov, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev, Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyevə çıxış edərək müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi yolunda gördüyü işlərdən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın gələcək inkişafına şəksiz inam və qəti əminlik ifadə ediblər.