AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI BAKIDA KEÇİRİLƏCƏK DÜNYA ÇEMPİONATINA LAYİQİNCƏ EV SAHİBLİYİ EDƏCƏKDİR
Sentyabrın 17-23-də Bakıda güləş üzrə dünya çempionatı keçiriləcəkdir. Belə irimiqyaslı yarışın ölkəmizdə keçirilməsi bütün idman aləminin diqqətini Azərbaycana cəlb edəcəkdir. Bakının dünya və Avropa çempionatları, lisenziya xarakterli turnirlər keçirmək sahəsində təcrübəsi vardır. Bu dəfə də medallarla yanaşı, Pekin Olimpiadasına lisenziyalar qazandıracaq növbəti dünya çempionatına hazırlıq işləri necə gedir?
AZƏRTAC-ın müxbirinin bu və digər suallarına Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov cavab verir.
-Azərbaycan, onun paytaxtı Bakı artıq dünyanın idman mərkəzlərindən biri kimi tanınmaqdadır. Azərbaycanda idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının, Olimpiya təsnifat yarışlarının yüksək səviyyədə keçirilməsi ənənə halı almışdır. Bu, təsadüfi deyildir. Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı nəticəsində idman cəmiyyətin həyatına böyük vüsətlə daxil olmaqdadır.
Digər tərəfdən, beynəlxalq yarışların keçirilməsi sahəsində son illər əldə etdiyimiz müsbət təcrübə ölkəmizə etimadı artırmışdır. Bakıda kişilər arasında yunan-Roma güləşi üzrə, kişilər və qadınlar arasında sərbəst güləş üzrə dünya çempionatlarının təşkil olunması ölkəmizə yüksək etimadın göstəricisidir. Biz artıq dəfələrlə dünya və Avropa miqyaslı yarışlara ev sahibliyi etmişik. Məsələn, güləş üzrə iki mühüm beynəlxalq turnir - 2002-ci ilin mayında sərbəst güləş üzrə Avropa çempionatı və 2006-cı ildə hərbçilər arasında dünya çempionatı Azərbaycanda keçirilmişdir. Bu gün daha bir mötəbər turnir ərəfəsindəyik.
Bu çempionat 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olduğuna görə, onun əhəmiyyəti daha böyükdür. Çempionatın yüksək səviyyədə keçməsi üçün Təşkilat Komitəsi səylə işləyir, federasiyanın imkanları tam səfərbər edilmişdir. Ümidvarıq ki, həm iştirakçılar, həm də beynəlxalq idman təşkilatları Bakıda keçiriləcək yarışlardan xoş təəssüratlarla dönəcəklər.
-Federasiya ərəfəsində olduğumuz dünya çempionatında idmançılar və məşqçilər qarşısında hansı vəzifələri qoymuşdur? Legionerlərin yığmamıza cəlb olunmasına necə baxırsınız və məşhur idmançılarımız Namiq Abdullayev və Fərid Mansurovun çempionata hazırlığı barədə nə deyərdiniz?
-Əlbəttə, federasiya idmançılarımızdan və məşqçilərimizdən maksimum nəticə gözləyir. Azərbaycan yığmalarının dünya çempionatına hazırlığı üzərində ciddi iş gedir. İdmançıların məşqi üçün gözəl şərait yaradılmışdır və məşqçilər bu prosesə ciddi nəzarət edirlər. Güləşçilərimiz fiziki hazırlıqlarını səylə artırırlar. Ümid edirəm ki, güləşçilərimiz dünya çempionatında yüksək nəticələr əldə edəcəklər.
Transferlərə gəlincə, bu, dünya idmanında gedən təbii və normal bir prosesdir. Bir sıra çəki dərəcələrində, xüsusilə də ağır çəkidə son dövrlər yüksək nəticələr əldə edə bilməmişik. Həmin boşluğu aradan qaldırmaq lazımdır və bu məqsədlə bir neçə güləşçi transfer edilib. Eyni zamanda, xüsusi vurğulamaq istərdim ki, Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən, hər hansı idmançı vətəndaşlığını yalnız bir dəfə dəyişə bilər. Bu isə o deməkdir ki, həmin idmançılar Azərbaycan vətəndaşlığını qəbul etməklə dövlətimizin şərəfini qorumağı və mötəbər yarışlarda bayrağını ucaltmağı özlərinə borc bilirlər.
Ağır çəkidə yeni transferlərimiz - Novruz Temrezov, Xitaq Qazyumov və Əli İsayev artıq Polşada sərbəst güləş üzrə beynəlxalq turnirdə uğurla çıxış etmişlər. Düşünürəm ki, Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan idmançılarının timsalında rəqiblərimizi ciddi sınaq gözləyir.
Namiq Abdullayev və Fərid Mansurova gəldikdə isə, onların hər ikisi dünya çempionatına inamla hazırlaşırlar. Son Olimpiya çempionumuz Fərid Mansurov zədəsini aradan qaldırmaq üçün federasiyanın dəstəyi ilə Türkiyənin aparıcı klinikalarından birində tam müalicə olunub, hazırda məşqlərini davam etdirir. Hər iki güləşçimiz beynəlxalq turnirlərdə fəal çıxış edir və bu çempionatda təbii ki, biz onlara böyük ümidlər bəsləyirik.
Yeri gəlmişkən deyim ki, federasiyada çalışan yüksək ixtisaslı iki həkim idmançıların sağlamlığının keşiyində durub. Onlar ən müasir tibbi preparatlarla təmin olunmuşlar.
-Məlum olduğu kimi, Azərbaycan çempionatın bütün iştirakçılarına və qonaqlarına viza dəstəyi göstərəcəyinə və onların təhlükəsizliyini təmin edəcəyinə zəmanət vermişdir. Yarış iştirakçılarının təhlükəsizliyi necə təmin olunacaqdır?
-Hər bir dövlət dünya çempionatı kimi mötəbər yarışların keçirilməsinə ev sahibliyi etmək niyyətini bildirirsə, təbii ki, təhlükəsizlik məsələlərini də diqqətdə saxlayır. Azərbaycan çempionatın təşkilatçısı kimi, bütün iştirakçı ölkələrin idmançılarına viza verilməsi və onların təhlükəsizliyinin təmin edilməsi haqqında FİLA qarşısında öhdəlik götürmüşdür. Biz buna tam əməl edəcəyik. Mühafizə xidməti və qonaqların təhlükəsizliyi problemi tam şəkildə həllini tapacaq və siz bunun şahidi olacaqsınız.
-Azərbaycan idmançılarının Pekin Olimpiadasına neçə lisenziya qazanmaq şansı vardır?
-Biz, əlbəttə, maksimum nəticələr gözləyirik. Xüsusilə də, dünya çempionatının doğma divarlar arasında keçirilməsi bizə daha böyük ümidlər verir. Düşünürük ki, sərbəst güləş üzrə bütün çəkilərdə, yunan-Roma növü üzrə isə 6 lisenziya əldə etmək mümkündür. Bu, bizim maksimum istəyimizdir. Minimum olaraq isə bu növün hər birində 4 lisenziya əldə edilməlidir. İstənilən halda, mən əminəm ki, güləşçilərimiz ölkəmizin olimpiya şərəfini layiqincə qoruyacaqlar.
-Nəhayət, sonuncu sual. Bu ilin əvvəlində Güləş Federasiyasına rəhbərliyə başlayarkən nə kimi planlarınız var idi və onları necə həyata keçirirsiniz?
-Güləş Azərbaycanda zəngin tarixə və ənənələrə malik idman növüdür. Öz adlarını ölkəmizin idman səlnaməsi tarixinə qızıl hərflərlə yazan onlarla güləşçimiz vardır. Onların qalibiyyət yolu indi də uğurla davam etdirilir.
Dövlətimizin rəhbərliyinin idmana göstərdiyi qayğı nəticəsində son illər idmanın başqa növlərində olduğu kimi, güləşdə də mühüm nailiyyətlər əldə edilmişdir. İdman aləminin ən mötəbər yarışı olan Olimpiya oyunlarına Azərbaycandan ən çox lisenziyanı məhz güləşçilər qazanmışlar. 1996-cı ildə Atlantada 8, 2000-ci ildə Sidneydə 9, 2004-cü ildə Afinada isə 8 güləşçimiz Olimpiya oyunlarının iştirakçısı olmuş, 2 qızıl və 1 gümüş medal qazanmışlar.
Biz bu nailiyyətlərlə kifayətlənmək niyyətində deyilik. Güləş Federasiyasına rəhbərliyə başlayarkən qarşımda duran əsas məqsədlərdən biri bu idi. İlk növbədə, güləşin daha da populyarlaşdırılması, onun bütün növlərinin inkişaf etdirilməsi, o cümlədən qadın və çimərlik güləşinin inkişafı, məşqçi və hakimlərin ixtisasartırma kurslarında iştiraklarının təmin edilməsi, klub və cəmiyyətlərdə güləşçilərimizin peşəkarlığının artırılması üçün tədbirlər görməyi qarşımıza məqsəd qoymuşuq.
İlk növbədə, sərbəst və yunan-Roma güləşi üzrə ölkə yığma komandalarının üzvlərinin məşq şəraitini yaxşılaşdırmağa çalışmışıq. Bunun üçün üç təlim-məşq zalı beynəlxalq standartlar səviyyəsində təmir olunmuşdur. Bu da yığma komandalara yeni qüvvələrin cəlb olunmasına, məşq prosesinin yüksək səviyyədə təşkilinə imkan vermişdir.
Ölkəmizdə qadın güləşinin inkişaf etdirilməsi də əsas planlarımızdandır. Həmçinin, regionlarda güləşin inkişafı üçün geniş plan hazırlamışıq və yerlərdə bu istiqamətdə əhəmiyyətli işlər görülür. Biz həm də çalışırıq ki, güləşçilərimiz xarici ölkələrdə keçirilən təlim-məşq toplanışlarında da fəal iştirak etsinlər. Bütün bunların nəticəsidir ki, idmanın bu növündə əvvəlki illərlə müqayisədə kəmiyyət və keyfiyyət baxımından xeyli irəliləyiş əldə edilmişdir.