Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
Bakı, 10 mart, AZƏRTAC
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yığmamızın üzvləri ilk yarış gününü 1 qızıl və 1 gümüş medalla başa vurublar. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş medala sahib olub. Çempionatın ikinci günündə daha 4 güləşçimiz xalça üzərinə çıxıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurublar.
Çempionatda 60 kiloqram çəki dərəcəsində qadınların yarışında mübarizə aparan Yuliya Ratkeviç ilk görüşündə bolqarıstanlı Canan Manolovanı üstələyib. Yarımfinalda Ukrayna təmsilçisi Oksana Herhellə gərgin keçən görüş bərabərə bitsə də, xalların keyfiyyətinə görə rəqib üstün olub. Yuliya Ratkeviç Norveçdən Şarlotta Skauenlə bürünc medal uğrunda görüşə çıxıb. Rəqibinə heç bir şans verməyən təmsilçimiz təmiz qələbə qazanaraq çempionatı bürünc medalla tamamlayıb.