“AZƏRBAYCAN-GÜRCÜSTAN. DOSTLUĞUMUZ ƏBƏDİDİR” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucovun ümumi redaktəsi, Səfalı Nəzərlinin redaktorluğu ilə AZƏRTAC-ın materialları əsasında hazırlanmış, Azərbaycan və gürcü dillərində nəşr olunmuş kitab Azərbaycan Prezidenti İlham Əliyevin dost Gürcüstana 2004-cü il iyunun 14-15-də dövlət səfərinə həsr edilmişdir.
Kitab Hidayət Orucovun “Ön söz”ü ilə açılır. Burada ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü xarici siyasəti sayəsində Azərbaycan-Gürcüstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, hər iki ölkə başçılarının 1996-2000-ci illərdə qarşılıqlı səfərləri, həmin səfərlərin beynəlxalq və regional məsələlərdə Azərbaycanla Gürcüstanın strateji əməkdaşlığını şərtləndirməsi xatırladılır. Xüsusi vurğulanır ki, Azərbaycan xalqının böyük oğlu Gürcüstanın da daxil olduğu Qafqaz regionunu sülhün, sabitliyin hökm sürdüyü, təhlükədən uzaq bir məkan kimi görmək istəyirdi. Ulu öndərimiz regionda sülhün və əmin-amanlığın bərqərar olunması üçün misilsiz xidmətlər göstərmişdir. İki qonşu ölkənin iqtisadi əməkdaşlığının əsasında Heydər Əliyevin Gürcüstana, gürcülərə səmimi dostluq münasibəti və qayğısı durur. Azərbaycanın qoşulduğu elə bir regional layihə yoxdur ki, Gürcüstan ümummilli liderimizin sayəsində oraya cəlb olunmasın.
Müəllif Heydər Əliyevin Gürcüstanda öz tarixi torpaqlarında yaşayan soydaşlarımıza daimi qayğısı və milli təəssübkeşliyini yada salır və xüsusi vurğulayır ki, Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderimizin siyasi kursuna, o cümlədən Gürcüstanla dostluq və əməkdaşlığın gücləndirilməsi, bu ölkədə yaşayan azərbaycanlılara qayğı göstərilməsi xəttinə sadiqdir.
Nəfis tərtibatla buraxılmış və fotoşəkillərlə zəngin kitabın rəssamı Arif Hüseynovdur.