Azərbaycan–Gürcüstan münasibətləri strateji əməkdaşlıq əsasında getdikcə möhkəmlənir – ŞƏRH
Bakı, 12 oktyabr, AZƏRTAC
Müasir dünya siyasətində qarşılıqlı əməkdaşlıq və dövlətlərarası dostluq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan özünün ərazi bütövlüyünü tam şəkildə bərpa edən Azərbaycan qlobal arenada sülhpərvər və mehriban qonşuluq münasibəti ilə diqqət çəkir. Həm coğrafi qonşuları, həm də digər ölkələrlə iqtisadi və siyasi münasibətləri qarşılıqlı hörmət üzərində qurması respublikamızın siyasi xəttinin əsas prinsiplərdən birini təşkil edir.
Sirr deyil ki, Azərbaycanın təbii sərvətləri və yerləşdiyi coğrafi mövqe baxımından potensialı ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə və inkişafına müsbət təsir edir.
Azərbaycanın region dövlətləri ilə sıx əməkdaşlığı xüsusilə diqqət çəkir. Yaşadığımız bölgənin qlobal iqtisadi münasibətlərdə strateji mövqe tutması ölkələrin münasibətlərində, qarşılıqlı iqtisadi-siyasi əlaqələrində mühüm faktordur. Bu baxımdan Azərbaycan-Gürcüstan əməkdaşlığı Qafqazda daha çox inkişaf etmiş səviyyədədir.
Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olunmasına, eləcə də iqtisadi inkişafın sürətlənməsinə səy göstərən Azərbaycan bu istiqamətdə uzun müddətdir ki, səmərəli fəaliyyət göstərir. Dost dövlətlə bütün sahələrdə münasibətlərin inkişafını hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu günlərdə qonşu ölkəyə səfəri də gələcəkdə ümumi əlaqələrin dinamikasına müsbət təsir edəcək bir hadisəyə çevrilməsi şübhəsizdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.
Bildirib ki, Azərbaycanla strateji tərəfdaş olan Gürcüstan hər zaman mehriban qonşuluğun tərəfdarı kimi çıxış edib, Cənubi Qafqazda sülhün əldə olunmasına daim dəstək göstərib. Prezident İlham Əliyevin oktyabrın 8-də Gürcüstana işgüzar səfəri zamanı dost ölkənin Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatında da bu məqam diqqət çəkib. İrakli Qaribaşvili nitqində Gürcüstanın hər zaman qərəzsiz mövqeyə malik olduğunu, ölkəsinin dinc, sabit dövlət kimi inkişafda görmək istədiyini və Cənubi Qafqazın hər üç ölkəsinin regional məsələlərini özləri həll etməyin zəruriliyini vurğulayıb.
Məhz hər iki dövlətin münasibətlərinin strateji əməkdaşlıq əsasında qurulmasının nəticəsidir ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstanı mühüm tranzit rol oynayan ölkə kimi dəyərləndirir.
Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm qlobal layihələrin reallaşdırılması da qeyd edilən fikrin bariz ifadəsi olmaqla bərabər, bölgədə sülhə və sabitliyə xidmət edir.
Emin Bağırov söhbətində Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlərdən bəhs edərkən, iki ölkə arasında ticarət dövriyyəsinin davamlı artmasını da xatırladaraq ötən il bu sahədə müsbət göstəricilər əldə edildiyini, qarşılıqlı ticarətin 771 milyon ABŞ dollarına çatdırıldığını, eyni zamanda, ikitərəfli ticarətin müsbət saldosunun 500 milyon ABŞ dolları olduğunu bildirib. Həmçinin cari ilin 8 ayında da bu istiqamətdə yüksək rəqəmlər qeydə alındığını bildirib. Belə bir inkişaf dinamikasının investisiya qoyuluşunda da nəzərə çarpdığını vurğulayan Emin Bağırov sözügedən dövrdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində sərmayə yatırıldığını deyib.
Siyasi şərhçi sonda qeyd edib ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri iki dost ölkə arasında münasibətlərin inkişafına müsbət təsir etməklə yanaşı, qarşılıqlı iqtisadi potensialın artırılmasına böyük töhfə verdi. Bu səfər zamanı diqqət çəkən məqamlardan biri də hər iki dövlət lideri arasındakı səmimi münasibət oldu ki, bu faktor da əlaqələrin daha da güclənməsinin təminatı sayıla bilər. Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan Prezidentinin beynəlxalq müstəvidə nüfuzu və ölkəmizin regional lider mövqeyi Gürcüstanla qarşılıqlı əlaqələrin bütövlükdə, bölgənin sabitliyi və iqtisadi inkişafına yönəlmiş olacaq.