Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 31 mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 31 mart (AZƏRTAC, Ülviyyə Məmmədli). Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycan xalqına qarşı ermənilər tərəfindən 1918-ci ilin martında törədilmiş soyqırımının tariximizin faciəli səhifələrindən biri olduğunu söyləmişdir. O, soyqırımı siyasətinin xronologiyasından, bu siyasətin tərkib hissəsi kimi günahsız insanların xüsusi amansızlıqla qətlə yetirilməsindən və azərbaycanlıların öz yurdlarından didərgin salınmalarından söhbət açmışdır.
S.Mehbalıyev 31 mart soyqırımına hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini söyləmişdir. Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmanla 31 martın rəsmi olaraq “Azərbaycanlıların Soyqırımı Günü” kimi qəbul edildiyi diqqətə çatdırılmışdır.
Tarix elmləri doktoru Vəkil Həsənov ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə törətdikləri soyqırımı aktları barədə məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə erməni millətçiləri Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək yaşayış məntəqələrini, tarix və mədəniyyət abidələrini, məscidləri, məktəbləri, səhiyyə ocaqlarını dağıtmışlar. 1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi ilə həyata keçirdikləri soyqırımı zamanı minlərlə dinc əhali məhv edilmiş, görünməmiş qanlı cinayətlər törədilmişdir. Ermənilərin azərbaycanlılara qarşı bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmişdir. Ötən əsrin 80-ci illərində 200 minə yaxın azərbaycanlı Ermənistandan amansızcasına qovulmuşdur. Təcavüzkarlıq siyasətini davam etdirən ermənilər Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal etmiş, Xocalı, Qaradağlı və digər yaşayış məntəqələrində qanlı faciələr törətmişlər.