AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ ÜÇÜNCÜ QURULTAYINA
Hörmətli qurultay iştirakçıları!
Sizi - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayının nümayəndələrini və qonaqları səmimi qəlbdən salamlayır və təbrik edirəm.
Qurultay ölkəmizin bütün istiqamətlərdə sürətlə inkişaf etdiyi və uğurlu nəticələrə nail olduğu mühüm bir dövrə təsadüf edir. Yeni ictimai-siyasi və iqtisadi sistemin təşəkkül tapdığı bu mərhələdə Azərbaycan dövləti vətəndaşların sosial problemlərinin həlli və əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna xüsusi əhəmiyyət verir.
Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan həmkarlar ittifaqları öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Respublikamızı dərin sosial-iqtisadi və siyasi böhrandan çıxaran ümummilli liderimiz Heydər Əliyev həmkarlar təşkilatlarını müxtəlif siyasi qüvvələrin təsirindən qorumuş, öz missiyasının yerinə yetirilməsinə lazımi şərait yaratmışdır. Onların uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısı alınmış, vətəndaş cəmiyyətinə yad olan inzibati amirlik metodlarından imtina edilmiş, demokratik idarəçilik prinsiplərinə əsaslanan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının möhkəmlənməsinə dəstək verilmişdir.
Əminəm ki, həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox işlər görə bilər. Hər il hökumətin Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə imzaladığı Baş Kollektiv Saziş də məhz bu aktual vəzifələrin yerinə yetirilməsinə xidmət edir.
Bu gün respublikamızın iqtisadiyyatında özəl bölmə aparıcı mövqeyə malikdir. Yeni yaradılmış yüz minlərlə iş yerinin əksəriyyəti bu bölmənin payına düşür. Ölkədə yüzlərlə yerli və xarici şirkət fəaliyyət göstərir. Həmkarlar ittifaqları belə müəssisələrdə əmək prosesinə cəlb olunmuş vətəndaşlarımızın iş şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli və əmək hüquqlarının təmin olunması üçün ardıcıl və məqsədyönlü tədbirləri davam etdirməlidir.
Müstəqil dövlətimizin dünya birliyinə inteqrasiya olunması həmkarlar ittifaqlarının beynəlxalq əlaqələrinin qurulması üçün geniş şərait yaradır. Hesab edirəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzvü olduğu Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu qurumların imkanlarından bəhrələnərək, əməyin təşkili və sosial problemlərin həlli sahəsində qabaqcıl dünya təcrübəsini dərindən öyrənməli və ölkəmizdə tətbiq etməlidir. Bu prosesdə həmkarlar ittifaqı təşkilatlarının yeniləşməsi və inkişaf etməsi zamanın tələbidir. Məhz müasir təcrübəyə yiyələnərək peşəkarlığını artıran, güclü və nüfuzlu həmkarlar ittifaqı təşkilatları öz fəaliyyətində uğur qazana bilər.
Hörmətli qurultay nümayəndələri!
Ümidvaram ki, bu mötəbər məclisdə aparacağınız müzakirələr və qəbul edəcəyiniz qərarlar ölkədə ən kütləvi ictimai təşkilat olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcək, demokratiyanın və azad cəmiyyətin inkişafı, insanların firavan həyatının təmin olunması işinə öz töhfəsini verəcəkdir.
Sizi bir daha təbrik edir və qurultayın işinə uğurlar arzulayıram!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral 2008-ci il.