Azərbaycan Hərb Tarixi Muzeyində “Qan yaddaşımız Xocalı” mövzusunda anım tədbiri keçirilib
Bakı, 24 fevral, Məhərrəm Əlioğlu, AZƏRTAC
XX əsrin ən qəddar və dəhşətli hadisələrindən biri olan Xocalı faciəsi erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir səhifəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar fevralın 24-də “Qan yaddaşımız Xocalı” mövzusunda Azərbaycan Hərb Tarixi Muzeyində keçirilən anım tədbirində səsləndirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Xocalı - bəşəriyyətə qarşı çevrilmiş cinayət” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış Xocalı soyqırımı ilə bağlı məlumat verib. Qeyd edib ki, misli görünməmiş bu qətliam yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Muzeyin ekspozisiya hissəsinin rəisi Şəlalə Hüseynova və digərləri çıxışlarında bildiriblər ki, fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edib, 613 dinc sakini qətlə yetirib. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan ermənilər hətta günahsız insanlara - qadınlara, uşaqlara və yaşlılara belə aman verməyiblər.
Sonra Xocalı faciəsinə həsr edilən sənədli film nümayiş olunub.
Tədbirdə Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, veteranlar təşkilatlarının, paytaxtdakı muzeylərin və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.