Azərbaycan icmasının fəaliyyəti Hannoverdə müzakirə edilib
Bakı, 30 avqust, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Almaniyanın Hannover şəhərində Azərbaycan icması ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə ölkəmizin AFR-dəki səfirliyinin nümayəndələri, Almaniyanın 7 şəhərində yaşayan diaspor fəalları, türk icmasının üzvləri iştirak ediblər.
Görüşdə çıxış edən Komitə sədri qurumun çoxşaxəli fəaliyyət istiqamətləri barədə ətraflı hesabat təqdim edib, DİDK-nın koordinasiyalı şəkildə gördüyü işləri, həyata keçirilən ardıcıl layihələri diqqətə çatdırıb.
Almaniyada yaşayan soydaşlarımızın elm, mədəniyyət, incəsənət və idman sahələrinə müvəffəqiyyətlə inteqrasiya olunması yüksək qiymətləndirilib. Ötən il Almaniyadakı azərbaycanlı həkimlərin I Forumunun keçirildiyi, diaspor fəaliyyətinə daha fəal şəkildə qoşulmaları məqsədilə azərbaycanlı alimlərin ümumdünya şəbəkəsinin formalaşdırılmasının nəzərdə tutulduğu vurğulanıb.
Komitə sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında xaricdəki soydaşlarımızın sənədləşmə problemlərinin həlli məqsədilə Səyyar ASAN xidmətin xarici ölkələrdə də tətbiqinə start verilib. Bu prosesin Türkiyənin Samsun şəhərində avqustun 30-dan sentyabrın 4-dək baş tutacağı, gələcəkdə digər ölkələrdə, o cümlədən Almaniyada da tətbiq ediləcəyi bildirilib.
Diaspor təşkilatlarının Almaniyada ictimai rəyə təsirinin gücləndirilməsi yollarından danışan Komitə sədri parlaq Zəfərimizdən sonra Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqların alman ictimaiyyətinə israrlı və dolğun şəkildə çatdırılmasının, soydaşlarımızın bir-birinə mənəvi dəstək göstərməsinin mühüm olduğunu vurğulayıb.
Tədbirdə Alman-Azərbaycan Dostluq Cəmiyyətinin, “Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyətinin, Almaniya Azərbaycanlıları Alyansının, Alman-Azərbaycan Ziyalılar Birliyinin, Hamburq-Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri və başqaları çıxış ediblər. Onlar Qarabağda qazanılan böyük Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər, dövlətimizin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqəti, Komitənin çevik fəaliyyətini müsbət qiymətləndirib və diaspor işinin keyfiyyət göstəricilərinin artırılması üçün təkliflərini səsləndiriblər.
Diaspor fəallarının əksəriyyəti Hannover şəhərində Azərbaycan Evinin, həmçinin həftəsonu Azərbaycan məktəbinin açılmasını arzu etdiklərini deyiblər.
Görüşdə maraqlı və faydalı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyəti bu yaxınlarda Azərbaycan Evinin və həftəsonu Azərbaycan məktəbinin açılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib.