Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda illik ixrac həcmini hazırkı 25 milyon dollardan 1 milyard dollara çatdırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bu hədəf 2026-2028-ci illəri əhatə edən Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planında öz əksini tapıb: “Strategiya çərçivəsində 2032-ci ilə kimi ölkəmizin İKT sektorunun həcmindəki hazırkı 2,5 milyard dollar həddinin iki dəfə artırılması və Azərbaycanın regional rəqəmsal haba çevrilməsi nəzərdə tutulur. Proqramın əsas istiqamətləri rəqəmsallaşmanın sürətləndirilməsi, süni intellekt, innovasiyalar və kibertəhlükəsizlik sahələrinin inkişafıdır. Bu prosesdə “mygov” platforması əsas rəqəmsal infrastruktur rolunu oynayacaq”.