İQTİSADİYYAT
Azərbaycan ilə Cənubi Koreyanın Decon şəhəri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Pekin, 9 aprel, AZƏRTAC
Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənovun Koreyanın iqtisadi və elm-təhsil mərkəzlərindən olan Decon şəhərinə səfəri zamanı mer Canq Vu Li ilə görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qardaşlaşmış şəhər tərəfdaşlığı, insanlar arasında əlaqələrin və mədəni mübadilələrin təşviqi məsələləri müzakirə olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Decon şəhərinin Ticarət və Sənaye Palatasının sədri Conq Te Hi ilə də görüş olub. Görüşdə iqtisadi-ticarət əməkdaşlığının perspektivləri, eləcə də Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərindəki sərmayə imkanları barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) prezidenti, professor Kvanq Hyunq Li və vitse-prezidenti, professor Man-Sunq Yim ilə keçirilmiş görüşdə Azərbaycan universitetləri və KAIST arasında elmi-akademik, tədqiqat və inkişaf üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. İnformasiya texnologiyaları və mühəndislik sahələrində dünyanın qabaqcıl ali məktəblərindən olan KAIST-də təhsil alan azərbaycanlı tələbələrlə interaktiv görüş olub, onlar üçün səyyar konsulluq xidməti təşkil edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin