ELM VƏ TƏHSİL
Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq genişlənir
Daşkənd, 14 fevral, AZƏRTAC
ADA Universitetinin təşəbbüsü, Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə fevralın 24-dən 27-dək Daşkəndin orta və ali məktəblərdə məlumatlandırma tədbirləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin tələbə qəbulu şöbəsinin əməkdaşları tərəfindən keçiriləcək təqdimat mərasimləri Daşkənddəki Vest Minister Universiteti, Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti, Daşkənd Sinqapur Universiteti, Vebster Universiteti, Toxuculuq və Yüngül Sənaye İnstitutu, habelə akademik liseylər və aparıcı orta məktəblərdə baş tutacaq.
AMM-dən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə ötən illərdə bir sıra işlər reallaşdırılıb. Özbəkistandan onlarca tələbə Azərbaycanın ali məktəblərində təhsil alır. Hazırda bu istiqamətdə bir sıra tədbirlər və layihələr həyata keçirilir.
Ötən il ADA Universitetinə 6 özbək tələbə qəbul olunub. Özbəkistanda təhsil sahəsinə dair keçirilən beynəlxalq tədbirlərdə ADA Universiteti də təmsil olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd