Azərbaycan klubunun gürcü bombardiri: Rəşad Sadıqova qarşı oynamaq maraqlı idi - MÜSAHİBƏ
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycanda “Standard” (Sumqayıt), “Simurq” (Zaqatala) və “İnter” (indiki “Şamaxı”) komandalarında oynamış Gürcüstan millisinin sabiq futbolçusu Baçana Sxadadze AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Azərbaycandakı futbol karyeranızı necə xatırlayırsınız?
- Bununla bağlı yalnız müsbət xatirələri, çoxlu qollarımı, qələbələrimi, xalqın sevgisini və ətrafımdakı yaxşı dostları qeyd edə bilərəm.
- Burada ilk klubunuz Sumqayıtı təmsil edən "Standard” olub. Daha sonra "Simurq" və bəlkə də karyeranızın ən gözəl illərini keçirdiyiniz "İnter"də oynamısınız. Bu komandalardakı çıxışınız barədə nə deyə bilərsiniz?
- "Standard"a keçəndə gənc olduğum üçün az oynayırdım. Daha sonra "Simurq"da, ardınca isə karyeramda xüsusi yeri olan Bakı "İnter"ində çıxış etdim. Ən yaxşı illərimi məhz paytaxt təmsilçisində keçirdim, ölkənin bütün top komandalarına qol vurdum. Həm də klub tarixinin ən yaxşı bombardiri oldum.
- Futbolla 2018-ci ildə - cəmi 31 yaşınız olarkən vidalaşdınız. Karyeranızı erkən bitirməyinizə səbəb nə oldu?
- "Samtredia"da oynadığım vaxt ciddi zədə aldım. Həmin mövsüm komandam ölkə çempionu oldu. Lakin mən bir oyunda meydana çıxa bildim. Əməliyyat olunub geri qayıda bilsəm də, artıq əvvəlki kimi deyildim. Növbəti il "Çixura" ilə ölkə kubokunu qazandıqdan sonra Fransa "Bastia"sına keçdim və karyeramı orada bitirdim.
- Futbolçu karyeranızı bitirdikdən sonra hansı işlə məşğulsunuz?
- Üç il futbol agenti işlədim. Hazırda isə yerli klublardan "Rustavi"də baş direktor vəzifəsində çalışıram. Məqsədimiz istedadlı uşaqları bu idman növünə qazandırmaqdır.
- Sizin oynadığınız dövrdəki Azərbaycan çempionatı ilə indiki arasında nə kimi fərqlər var?
- Azərbaycanda oynadığım dövrdə güclü komandalar, yaxşı oyunçular və məşqçilər var idi. Azərbaycan Premyer Liqasının yenidən gücləndiyini görürəm. Ümid edirəm ki, futbolunuz adına müsbət nəticələr olacaq.
- Azərbaycanda unuda bilmədiyiniz oyununuz hansıdır?
- Bəlkə də çox böyük oyun deyildi, ancaq 2013/2014-cü illər mövsümündə "Rəvan"ın qapısına 3 qol vurduğum matçı unuda bilmirəm. Çünki bu oyundan sonra Gürcüstan millisindən mənə zəng gəlmişdi. Çox xoşbəxt olmuşdum. Millidə oynamaq hər bir futbolçunun arzusudur.
- Bəs hansı qolunuz ən yaddaqalan alınıb?
- Çox çətin sualdır (gülür). 2011-2012-ci illər mövsümündə "Şəfa" (indiki “ASK Arena”) stadionunda "Neftçi" ilə oynayırdıq. Hesabda geridə olduğumuz zaman bərabərlik qolunu vurdum. İkinci qola isə Kandelaki imza atdı. Həmin matçda 2:1 hesablı qələbə qazanmışdıq.
- Hücumçu kimi Azərbaycan çempionatında ən çox çəkindiyiniz müdafiəçilər kimlər idi?
- “Qarabağ”da oynayan Rəşad Sadıqovla Admir Teliyə qarşı oynamaq hər zaman maraqlı gəlirdi. Onlar müdafiə xəttində əla tandemi təşkil edirdilər. “İnter”də isə bu mövqedə Valeri Abramidze, Vladimir Levin və Brüs Abdulayeni qeyd edə bilərəm.
- Azərbaycandakı dostlarınızla əlaqə saxlayırsınız?
- Orada yaxşı dostlarım var. Klubları ilə birlikdə Gürcüstana təlim-məşq toplanışına gəldikləri zaman onlarla görüşürdüm. İndi görürəm ki, artıq mənimlə eyni dövrdə oynayan futbolçular da karyeralarını bitiriblər. İndi onların adlarını çəkib darıxmaq istəmirəm.
- “Qarabağ”ın avrokuboklardakı matçlarını izləyirsinizmi?
- Bəli, oyunlarına baxıram. "Qarabağ" top komandadır və onlar bunu hər il Avropada sübut edirlər. Düşünürəm ki, pley-offa çıxmağa layiqdirlər. "Bayer"ə qarşı Bakıdakı oyunu (0:1) izləmişdim. Ağdam təmsilçisinin almanlara qarşı necə yaxşı oynadığını gördüm.
- Gürcüstanda istedadlı futbolçular çoxdur və hər il Avropanın güclü klublarına transfer olunurlar. Lakin yerli komandalarınız avrokuboklarda uğurlu nəticə qazana bilmirlər. Bunun səbəbi nədir?
- Bizim klubların Azərbaycandakı komandalar qədər maliyyə imkanları yoxdur. Əlbəttə, bu, yeganə səbəb deyil. Məsələn, bizdə yetişən futbolçular qısa zamanda Avropaya yollanırlar. Buna görə də klublar oyunçuları əllərində saxlaya bilmirlər. Əgər o futbolçular ölkə çempionatında karyeralarına davam etsələr, güclü liqamız ola bilər.