Azərbaycan Konqreslər Bürosu daha bir beynəlxalq tədbirdə təmsil olunub
Bakı, 10 sentyabr, AZƏRTAC
Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycanın turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Azərbaycan Konqreslər Bürosu (AKB) daha bir beynəlxalq tədbirdə iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan AKB ilk dəfə olaraq Rusiya Görüş Təşkilatçıları (MeetingPlanners Russia) işgüzar görüşünə qatılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Moskvada keçirilən tədbirdə qurumun satış və marketinq üzrə meneceri Ayan Zeynalova iştirak edib.
Görüşlər sənayesi bazarında eksklüziv tədbir olan Rusiya Görüş Təşkilatçıları 2015 işgüzar görüşü artıq üçüncü dəfədir keçirilir. İkigünlük tədbir iştirakçılara üzbəüz görüşlər keçirməyə imkan verib. Tədbir dünyanın görüş iştirakçılarını, məkanın idarə olunması üzrə ixtisaslaşan şirkət və təşkilatçılarını Rusiya və MDB ölkələrindən olan alıcılarla bir araya gətirən unikal platforma rolunu oynayır.
Tədbir zamanı AKB-nin nümayəndəsi görüşlər sənayesində və məkanın idarə olunması sahəsində çalışan yerli şirkətlər, təşviqat agentlikləri və eləcə də korporativ müştərilərlə, əsasən enerji və maliyyə üzrə ixtisaslaşan şirkətlərinin təmsilçiləri və vasitəçiləri ilə, 50-yə yaxın işgüzar görüşlər keçirib.