Azərbaycan könüllüləri arasında onlayn intellektual turnir keçirilib
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqı Novruz bayramı münasibətilə könüllülər arasında “Novruz çələngi” adlı onlayn intellektual turnir keçirib.
İttifaqdan AZƏRTAC-a bildiriblər ki, turnirin məqsədi müxtəlif könüllü təşkilatları arasında münasibətlərin möhkəmləndirilməsi, gənclərin intellektual fəaliyyətə cəlb olunması, bu sahədə bilik və bacarıqlarının artırılması, eyni zamanda, fəal həyat tərzinin təbliğidir. Turnirdə 11 könüllü təşkilatını təmsil edən gənclər bilik və bacarıqlarını nümayiş etdiriblər.
“Nə? Harada? Nə zaman?” formatında təşkil olunan turnir maraqlı və gərgin mübarizə şəraitində keçib. Turnirin qalibi “Könüllü DOST” proqramının təmsilçiləri olublar. “ASAN Könüllüləri” Təşkilatı və “Könüllü Gömrükçü” dəstəsinin üzvləri isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.
Bu qəbildən yarışların davam etdirilməsi nəzərdə tutulub.