CƏMİYYƏT
“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində bir sıra tədbirlər təşkil olunub
![](/files/galleryphoto/2023/3/1200x630/170220961775767412_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17022096175066854876_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17022096173011311127_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17022096175928736155_1200x630.jpeg)
Bakı, 10 dekabr, AZƏRTAC
“Azərbaycan Könüllülük Həftəsi 2023” respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edərək artıq 3 min nəfəri bir çətir altında birləşdirməyə nail olub. Həftə çərçivəsində “Vətənpərvərlik”, “Təhsil və elm”, “İdman və sağlamlıq”, “Mədəniyyət” və “Mənəvi tərbiyə” istiqamətləri üzrə keçirilən layihələr, kampaniyalar könüllülər tərəfindən böyük maraq və rəğbətlə qarşılanır.
Azərbaycan Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, həftənin “Mədəniyyət” istiqaməti üzrə tədbirlərinə artıq start verilib. “Səhnə könüllülərindir!” adlı yaradıcılıq gecəsinin ardından həyata keçirilən “Tarixə bağlanan mədəniyyət” və “MədəniyyətimİZ” layihələri könüllülərin maariflənməsi istiqamətində öz işinə başlayıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə İçərişəhər ərazisində həyata keçirilən “Tarixə bağlanan mədəniyyət” layihəsi çərçivəsində 100-ə yaxın Azərbaycan könüllüsü 20 komandaya bölünərək “Kod Da Vinçi” formatında məntiqi intellektual oyunda iştirak edib.
“MədəniyyətimİZ” layihəsi çərçivəsində, ümumilikdə 300 nəfərə yaxın müxtəlif təşkilatların könüllülərinin iştirakı ilə Azərbaycan İstiqlal Muzeyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyalar təşkil edilib.
Qeyd edək ki, ölkə rəhbərliyinin könüllülük fəaliyyətinə və könüllülərə daim diqqət və qayğısı nəticəsində könüllülük hərəkatı bu gün daha geniş imkanlarla fəaliyyətini davam etdirir.
Xatırladaq ki, Azərbaycan Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2023” dekabrın 5-dən başlanıb və bu ayın 19-dək davam edəcək.