AZƏRBAYCAN-KOREYA ƏMƏKDAŞLIĞI UĞURLA İNKİŞAF EDİR
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kəmaləddin Heydərov ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin genişləndiyini söyləmiş, bu yaxınlarda respublikamızda Koreya mədəniyyəti günlərinin, eləcə də Bakıda Koreya kinosu günlərinin keçirilməsinin mütəmadi xarakter almasının əməkdaşlığa gözəl nümunə olduğunu vurğulamışdır. Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar, gömrük xidmətinin keçdiyi inkişaf yolu haqqında məlumat vermiş, Koreya idman növü olan taekvondoya Azərbaycanda böyük maraq göstərilməsindən söhbət açmış, iki ölkənin iqtisadi-ticari əlaqələrinin genişlənməsində gömrük orqanlarının üzərinə mühüm vəzifələr düşdüyünü, idxal-ixrac əməliyyatlarının həcminin son illər artdığını bildirmişdir.
Səfir Mun Hayonq Azərbaycanda sürətlə gedən müsbət dəyişiklikləri məmnunluqla vurğulayaraq, əməkdaşlığın perspektivlərindən, ölkələrarası əlaqələrin inkişafına təkan verən Koreya mədəniyyəti və kinosu günlərinin Azərbaycanda keçirilməsinin xalqlarımız arasında möhkəmlənən dostluq və qardaşlıq münasibətlərinin təcəssümü olduğunu söyləmişdir.
Görüşdə ölkələrimiz arasında dostluq, ticarət-iqtisadi, mədəni əlaqələrin genişləndirilməsi, gömrük sahəsində səmərəli iş birliyi, tərəfdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən və görüləcək işlər barəsində fikir mübadiləsi aparılmışdır.