Azərbaycan Londonda “Dünya səyahət bazarı – 2014”sərgisində uğurla təmsil olunub
Londonda keçirilən “Dünya səyahət bazarı-2014” (WTM - 2014) ənənəvi beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları da nümayiş olunub.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.
Sərgi mərkəzində 105 kvadratmetrlik sahədə qurulan Azərbaycan stendinə ziyarətçilər böyük maraq göstəriblər. Azərbaycan guşəsində “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı xüsusi məlumat lövhəsi də qurulub.
Sərgidə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva AZƏRTAC-a bildirib ki, ziyarətçilərə ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında ətraflı məlumat verilib, ingilis dilində müxtəlif növ reklam-çap məhsulları hədiyyə edilib. Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə də stendimizə baş çəkib, turizm təmsilçilərimizlə söhbət edib.
Azərbaycanın turizm potensialı, mətbəxi, mədəni irs abidələri hər kəsdə maraq doğurub. Qış turizmi həvəskarları olan ziyarətçilərin ölkəmizdə yeni fəaliyyətə başlayan Qusardakı “Şahdağ” Qış-Yay, Qəbələdəki “Tufandağ” turizm kompleksləri barədə suallar cavablandırılıb.
Azərbaycanın sərgidə iştirak edən turizm şirkətlərinin nümayəndələri görüşlər keçirib, işgüzar əlaqələr qurublar. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da sərgi çərçivəsində keçirilən tədbirlərin iştirakçısı olublar. Nazirliyin turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Bəxtiyar Qılıncov və regionlarda turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Aysel Əliməmmədova sərgi çərçivəsində Dünya Turizm Təşkilatının həyata keçirdiyi “İpək Yolu” proqramının WTM sərgisi ilə əməkdaşlığına və WTM-in 35 illiyinə həsr olunan seminarda iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi onu da bildirib ki, öz çirkin əməllərini davam etdirən üzdəniraq qonşularımız sərgidə də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin turizm imkanları ilə bağlı ayrıca guşə yaratmağa cəhd edib, lakin buna nail ola bilməyiblər. Ermənistan stendində “Karabakh” adlı lövhə qoyulub. Londonda yaşayan azərbaycanlı tələbələr isə Ermənistanın stendi önündə səssiz etiraz aksiyası keçiriblər.
Qeyd edək ki, 2002-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və turizm şirkətlərimiz artıq 12-ci dəfə London sərgisində iştirak edib.