Azərbaycan məhsullarının Çinə ixracı müzakirə edilib
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Çinin “Sino-Foreign” şirkəti arasında onlayn formatda işgüzar görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu biznes dairələri arasında əməkdaşlığın inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb, keçirilən görüşlər və aparılan danışıqların iki qurum arasında əlaqələrin genişlənməsindəki rolunu vurğulayıb.
AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev "Made in Azerbaijan" brendinin təşviqi, Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
“Sino-Foreign” şirkətinin direktoru Van Veivei təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, iki qurum arasında əlaqələrin qurulmasının əhəmiyyətini, bu sahədə görüləcək işləri diqqətə çatdırıb.
İşgüzar görüşdə AZPROMO ilə “Sino-Foreign” şirkəti arasında əlaqələrin genişləndirilməsi və Azərbaycan məhsullarının Çinə ixracı məsələləri müzakirə olunub.