Azərbaycan Moskvada keçiriləcək “İntourmarket-2012” Beynəlxalq turizm sərgisində təmsil olunacaqdır
Bakı, 16 mart (AZƏRTAC). Martın 17-dən 20-dək Moskva şəhərində “İntourmarket-2012” Beynəlxalq turizm sərgisi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, dünyanın 138 ölkəsindən 1300-ə yaxın şirkətin iştirak edəcəyi sərgidə Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunacaqdır.
Artıq bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi L.Verdiyeva, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Z.Əliyev və Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri D.İbrahimxəlilovdan ibarət nümayəndə heyəti Moskvaya ezam olunmuşdur. Sərgidə, həmçinin “Geo Travel” və “Millennium Tourism & Congress DMC” turizm şirkətlərinin təmsil olunması nəzərdə tutulur.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədi ilə 20 kvadratmetr sahə icarəyə götürülmüş və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və rus dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin edilmişdir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, ənənəvi “İntourmarket” Beynəlxalq turizm sərgisində iştirak edirlər.