Azərbaycan Moskvada keçirilən insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq konfransda təmsil olunub
Bakı, 21 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının Moskva şəhərində “Avrasiya məkanında insan hüquqlarının müdafiəsi: ombudsmanların bu sahədə müsbət iş təcrübələrinin bölüşülməsi” mövzusunda III beynəlxalq konfrans keçirilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, ölkəmizi tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı təmsil edib.
Tədbirə bir sıra ölkələrin, o cümlədən Rusiya Federasiyasının və onun subyektlərinin ombudsmanları və səlahiyyətli nümayəndələri, hökumət və parlament üzvləri, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatların təmsilçiləri, bu sahədə ixtisaslaşmış elm xadimləri qatılıblar.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı konfransda “Azərbaycanda miqrantların hüquqlarının müdafiəsi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycanda miqrasiya qanunvericiliyinin ölkənin qoşulduğu beynəlxalq sənədlərə uyğun təkmilləşdirildiyini bildirib və bu istiqamətdə innovativ yanaşmalar tətbiq edilməklə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Vurğulanıb ki, Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına, bu problemin dövlətimiz üçün prioritet məsələ olaraq qalmasına baxmayaraq, ölkəmiz öz iqtisadi inkişafına, sabitliyinə, tolerant mühitinə görə miqrantlar üçün cəlbedici məkana çevrilib və buraya üz tutanların sayında artım müşahidə olunur.
Aydın Səfixanlı Azərbaycanda Ombudsmanın qayğıya daha çox ehtiyacı olan əhali qruplarının, o cümlədən miqrantların hüquqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi sahəsindəki çoxşaxəli fəaliyyəti barədə məlumat verib, onun mühüm bir hissəsinin qeyri-qanuni miqrasiya, məcburi əməyin və insan alverinin qarşısının alınması istiqamətində preventiv tədbirlərin təşkilinə yönəldildiyini bildirib.
Çıxış edənlər Azərbaycanda miqrantların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatları və Ombudsmanın bu istiqamətdə fəaliyyətini müsbət qiymətləndiriblər.