“AZƏRBAYCAN” NƏŞRİYYATININ YENİ İSTEHSALAT SAHƏSİ İŞƏ SALINACAQ
AZƏRTAC xəbər verir ki, “Azərbaycan” Dövlət Nəşriyyatının ərazisində, 125 kvadratmetr sahədə qısa müddətdə rəngli ofset çapı istehsalat sahəsinin yeni ikimərtəbəli binası ucaldılmışdır. Tikinti işlərini ARDNŞ-in Layihə İnstitutu əməkdaşlarının layihəsi əsasında yerli firmanın mütəxəssisləri həyata keçirmişlər.
Hazırda buraxılış-sazlama işləri başa çatmaq üzrədir. Almaniyalı mütəxəssislər “KBA Komet” markalı dörd çap maşınını artıq quraşdırmışlar. Xarici ekspertlərin sözlərinə görə, maşının maksimum sürəti saatda 75 min qəzetdir, proses iki pult vasitəsilə idarə edilir. Yeni çap məhsulu sexinin Moskva istisna olmaqla bütün postsovet məkanında analoqu yoxdur.
Hazırda istehsalat sahəsinin ərazisi abadlaşdırılır. Təmirdən sonra çoxmərtəbəli bina daha yaraşıqlı olmuş, şəhərimizin yeniləşməkdə olan arxitekturası ilə həmahəng görkəm almışdır.
Yeni istehsalat işə salındıqdan sonra respublikada çıxan qəzet və jurnalların əıksəriyyəti rəngli çap olunacaqdır. Nəşriyyatın bir neçə əməkdaşı çap maşınları istehsal edən zavodda staj keçmək üçün Almaniyaya ezam olunmuşdur. Almaniyalı mütəxəssislər heyət üçün məşğələlər də keçirəcəklər. Sexdə 15 adam çalışacaqdır.
Hazırda təntənəli açılışa hazırlaşan nəşriyyat kollektivinin ümumi rəyinə görə, yeni rəngli ofset çapı sahəsi Azərbaycan hökumətinin milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının daha bir təsdiqidir.