SİYASƏT
Azərbaycan nümayəndə heyəti Avropa Şurası Konqresinin Monitorinq Komitəsinin işində iştirak edib
![](/files/galleryphoto/2019/2/1200x630/15622589084286531663_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15622589086535733949_1200x630.jpg)
Bakı, 4 iyul, AZƏRTAC
Norveçin paytaxtı Oslo şəhərində Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresinin Monitorinq Komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, qurumun Monitorinq Komitəsinin işində ölkəmizi Avropa Şurası Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev təmsil ediblər.
Avropa Şurası Konqresi tərəfindən üzv dövlətlərdə Avropa Özünüidarəetmə Xartiyası çərçivəsində öhdəliklərin həyata keçirilməsinə nəzarət edən Komitənin iclasında, eyni zamanda, bir sıra ölkələrdə seçki müşahidə missiyalarının hesabatlarının dinlənilməsi baş tutub. Monitorinq Komitəsinin iclasında Türkiyənin İstanbul şəhərində təkrar mer seçkiləri, Bosniya və Herseqovinanın yerli və regional seçkilərlə bağlı hesabatları dinlənilib, müvafiq tövsiyə layihələrinin Konqresin növbəti sessiyasında müzakirəyə çıxarılması qərara alınıb.
İclasda, həmçinin yerli səviyyədə keçirilən referendumlar, yerli və regional ombudsman təsisatları haqda Venesiya Komissiyasının tövsiyələri, Avropa Yerli Özünüidarəetmə Xartiyasının üzv dövlətlərin məhkəmələri tərəfindən presedent hüququ qaydasında istifadə olunması, insan hüquqları və bir sıra digər məsələlər müzakirə olunub.
Monitorinq Komitəsinin iclasında respublikamızda yerli və regional demokratiyanın vəziyyətinə dair dinləmələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxış edərək, son zamanlar bu sahədə görülən işlər və mövcud vəziyyət barədə məlumat verib.
Avropa Şurası Konqresinin Monitorinq Komitəsinin növbəti toplantısının Konqresin 37-ci sessiyası dövründə Strasburqda keçirilməsi qərara alınıb.