Azərbaycan nümayəndə heyəti Dünya Turizm Təşkilatının Baş Assambleyasının 19-cu sessiyasında iştirak edir
Bakı, 11 oktyabr (AZƏRTAC). Koreya Respublikasının Şimali Könsanq əyalətinin Kyoncu şəhərində Dünya Turizm Təşkilatının Baş Assambleyasının 19-cu illik sessiyası keçirilir.
Oktyabrın 14-dək davam edəcək sessiyada Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyətinə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, BMT-nin “Turizmin inkişafı layihəsi”nin Azərbaycan üzrə milli koordinatoru Faiq Qürbətov, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev daxildirlər.
Sessiyanın gedişində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai və qurumun icraçı direktoru Zoltan Somoçi ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Təşkilatın rəhbərliyinə Azərbaycanda “Turizm ili” çərçivəsində reallaşdırılan tədbirlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, həmçinin Rusiya Federasiyasının Turizm üzrə Federal Agentliyinin rəhbəri Aleksandr Radkov, San Marino Turizm Nazirliyinin təmsilçisi Mauro Mayani və “Özbəkturizm” şirkətinin təmsilçisi Rüstəm Mirzəyevlə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmişdir.
Koreya Respublikasının İdman, Mədəniyyət və Turizm Nazirliyinin, Kyoncu Şəhər Administrasiyasının və Şimali Könsanq əyaləti rəhbərliyinin təşkilatçılığı ilə keçirilən sessiyanın iştirakçıları bu ölkənin müxtəlif şəhərləri ilə tanış olacaq, o cümlədən UNESCO-nun Dünya mədəni irs siyahısına daxil edilmiş Yandon şəhərinə ekskursiya edəcəklər.