MƏDƏNİYYƏT
Azərbaycan nümayəndəsi BMÜTT-nin Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən forumda iştirak edib
Bakı, 15 sentyabr, AZƏRTAC
Kolumbiyanın Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 21-ci sessiyası çərçivəsində BMÜTT ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) birgə forumu keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, forumun əsas mövzusu turizm və aviasiya arasında olan əlaqənin möhkəmləndirilməsi, çətinliklərin müəyyən edilməsi və həlli yollarının müzakirəsi olub.
BMÜTT-nin baş katibi Taleb Rifainin başçılığı altında, eləcə də CNN kanalında çalışan məşhur jurnalist Richard Questin iştirakı ilə keçirilən forumda bir neçə ölkənin nümayəndələri çıxış ediblər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov forumda çıxış edərək turizmin inkişafında əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, son illərdə böyük inkişaf əldə edən hava nəqliyyatı dünyanın qloballaşmasında, ölkələrin və insanların sülhə doğru addımlamasında mühüm rol oynayır. Eyni zamanda o, bu inkişafda beynəlxalq təhlükəsizlik şərtlərinin nəzərə alınmasının da əhəmiyyətli məsələ olduğunu söyləyib.
Nazir müavini çıxışında bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu il Azərbaycanda hava uçuşlarında yeni qiymət siyasəti həyata keçirilib və görülən işlərin turizmə müsbət təsiri olacaq. Çıxışın sonunda Nazim Səmədov aviasiya və turizm sahələrinin əməkdaşlığına dair təlimlərin keçirilməsini və müxtəlif təcrübələri əks etdirən məlumat materiallarının yaradılmasını təklif edib.
Sessiya çərçivəsində nazir müavini Nazim Səmədov Portuqaliyanın iqtisadiyyat naziri Antonio Pires de Lima, Slovakiyanın dövlət katibi Frantisek Palko, Bolqarıstanın turizm naziri Nikolina Angelkova, Monakonun Dövlət Turizm Administrasiyasının baş katibinin müavini Guy Antognelli, Braziliyanın mədəniyyət nazirinin müavini Alberto Alves, İspaniyanın turizm üzrə dövlət katibi İsabel Borrego, Çexiyanın regional inkişaf naziri Karla Slechtova, Seyşel Adalarının mədəniyyət və turizm naziri Alain St. Ange, Litvanın iqtisadiyyat naziri Evaldas Gustas ilə görüşlər keçirib.
Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının sessiyası sentyabrın 17-dək davam edəcək.