AZƏRBAYCAN NÜMAYƏNDƏSİ VYANA ŞƏHƏR MARAFONUNDA YÜKSƏK GÖSTƏRİCİ NÜMAYİŞ ETDİRMİŞDİR
Vyana, 20 aprel (AZƏRTAC). Aprelin 19-da Avstriyanın paytaxtında 26-cı ənənəvi Vyana şəhər marafonu keçirilmişdir. 1984-cü ildən bəri hər il təşkil edilən, dünyanın müxtəlif ölkələrindən minlərlə peşəkar və həvəskar idmançının qatıldığı bu idman bayramında ilk dəfə Azərbaycan nümayəndəsi də iştirak etmişdir.
Ölkəmizin Avstriyadakı səfirliyi nəzdində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nümayəndəsi, polkovnik-leytenant Kamil Quliyev ATƏT yanında akkreditə olunmuş hərbi nümayəndələrdən ibarət komandalardan birinin tərkibində yarışmışdır. Həmyerlimizin komanda yoldaşları Avstriya, Finlandiya və Yaponiyanın hərbi nümayəndələri olmuşdur.
Sevindirici haldır ki, K.Quliyev ATƏT yanında akkreditə olunmuş hərbçilər arasında indiyədək ən yüksək göstəriciyə imza atmışdır. O, qaçmalı olduğu məsafəni 27 dəqiqəyə qət edərək, ATƏT hərbi nümayəndələri arasında indiyədək qeydə alınmış ən yüksək göstəricini (31 dəqiqə) xeyli üstələmişdir.
Yarışdan sonra komandalar üzrə marafon qaçışının qaliblərinə xüsusi sertifikat və medallar təqdim edilmişdir.
Marafondan sonra K.Quliyev AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində bildirmişdir ki, belə bir mötəbər yarışda Azərbaycan adından debüt etməkdən böyük qürur duyur və növbəti ildə daha böyük məsafəni fərdi marafonçular sırasında qət etmək arzusundadır.
Xoş məram nümayiş etdirən marafonçular Vyanada fəaliyyət göstərən Müqəddəs Anna Uşaq Hospitalı nəzdində yaradılmış uşaqlarda xərçəng xəstəliyinin qarşısını almaq üçün tədqiqat laboratoriyasının hesabına pul vəsaiti köçürmüşlər.
Qeyd edək ki, marafonda 6 kateqoriya üzrə 29 mindən artıq idmansevər qeydiyyatdan keçmişdir.
Peşəkar idmançılar arasında Keniya təmsilçisi Cilbert Kilva 42,195 kilometrlik marafon məsafəsini 2 saat 8 dəqiqə 21 saniyəyə qət edərək, 26-cı Vyana şəhər marafonunun qalibi olmuşdur.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
######
![]() |
![]() |

