AZƏRBAYCAN ORDUSU CƏNUBİ QAFQAZDA ƏN TƏCRÜBƏLİ ORDUDUR
Qonaq öz ölkəsinin müdafiə nazirinin salamını çatdırmış, Latviya və Azərbaycan Müdafiə nazirliklərinin ikitərəfli əlaqələr istiqamətində ilk addımlarını atdığını, NATO ilə əməkdaşlıq sahəsində maraqlı təcrübələri olduğunu və Azərbaycanın Müdafiə Nazirliyi ilə saziş imzalandıqdan sonra münasibətlərin daha da dərinləşəcəyini bildirmişdir.
General-polkovnik Səfər Əbiyev söyləmişdir ki, NATO-nun tamhüquqlu üzvü olan dövlətin Müdafiə Nazirliyi ilə əməkdaşlıq etmək bizə sərfəlidir. NATO-nun İstanbul sammitində gələcək planlar açıqlanmışdır. Şübhəsiz ki, bu, NATO-ya üzv və tərəfdaş dövlətlərlə əməkdaşlığı gücləndirəcəkdir.
Azərbaycanın müdafiə naziri Silahlı Qüvvələrimizin yaranması, hərbi təhsil müəssisələrinin yenidən qurulması və aparılan islahatlar haqqında qonaqla fikir mübadiləsi etmişdir. O demişdir ki, Azərbaycan on ildir NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində sıx əməkdaşlıq edir. Hazırda bizim Silahlı Qüvvələrimizin nümayəndələri dünyanın bir çox dövlətlərinin ali hərbi məktəblərində təhsil alırlar. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda öz keçdiyi inkişaf yoluna görə ən təcrübəli ordudur.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması perspektivləri haqqında qonağın sualına cavabında bildirmişdir ki, münaqişə beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Bu barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. ABŞ Dövlət Departamenti, Avropa Şurası, Avropa Birliyi, eləcə də Özbəkistan, Qazaxıstan və Ukrayna prezidentləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə rəylərini söyləmişlər. İnanırıq ki, bu proses daha da genişlənəcək və ədalət qalib gələcəkdir. Azərbaycan dövlətinin münaqişənin həllində mövqeyi qətidir və o, bir qarış torpağını da düşmənə verməyəcəkdir.
Sonra Cənubi Qafqaz və Baltikyanı regionlarda mövcud hərbi-siyasi vəziyyət barədə müzakirələr aparılmışdır.