AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AKADEMİK MİRMƏMMƏD CAVADZADƏYƏ “İSTİQLAL” ORDENİ TƏQDİM ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Prezident sarayında görkəmli cərrah-uroloq, akademik Mirməmməd Cavad oğlu Cavadzadəyə “İstiqlal” ordeni təqdim etmişdir.Akademik Mirməmməd Cavadzadə yüksək mükafata görə təşəkkür edərək dedi ki, cənab Prezident, bildiyiniz kimi, mən Zərifə xanımla neçə illər bir yerdə işləmişəm. 1963-cü ildə Moskvadan Azərbaycana gəldim, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda işləməyə başladım. O instituta yaxşı mütəxəssislər lazım idi. Bizim kollektivimiz hər gün Zərifə xanıma dua edir ki, ulu öndər Heydər Əliyevlə bir yerdə bu institutu yüksək səviyyəyə qaldırdılar. Heydər Əliyevin məsləhətlərindən sonra 12 nəfər Moskvaya doktoranturaya göndərildi. Sonra daha 7 nəfəri sırf ixtisaslaşma üçün göndərdik, çünki çox vacib idi. İndi institutumuzda elmi şura üzvlərinin hamısı Heydər Əliyevin və Zərifə xanımın köməyi ilə yetişmiş mütəxəssislərdir.
Prezident İlham Əliyev dedi:-Çox böyük işlər görmüsünüz. Bütün Azərbaycan bunu bilir və sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirlər. Çox böyük nüfuza malik olan insansınız. Mən bu gün istəyirəm gözəl yubileyiniz münasibətilə sizi ürəkdən təbrik edim. Sizə cansağlığı, uzun ömür arzulayıram. Həmişə belə fəal olasınız, həmişə öz fəaliyyətinizlə doğma ölkəmizin inkişafına bundan sonra da xidmət göstərəsiniz. Həm böyük alimsiniz, ziyalısınız, çox gözəl həkim, təşkilatçısınız. İctimai həyatda da həmişə fəal olmusunuz. Həmişə sizin prinsipial mövqeyiniz olub və hamı sizə çox böyük hörmətlə yanaşır. Sizin fəaliyyətinizi hamı bilir və yüksək qiymətləndirir. Mən də istəyirəm bu gözəl gündə Azərbaycan dövlətinin yüksək mükafatını sizə təqdim edim. Mən sizi “İstiqlal” ordeni ilə təltif etmişəm və bu gözəl gündə ordeni özüm sizə təqdim edirəm. Siz buna layiqsiniz.
“İstiqlal” ordeninə layiq görüldüyünə görə Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirən Mirməmməd Cavadzadə dedi ki, biz gərək hamımız Allah-Taaladan Sizə xoşbəxtlik diləyək. Çünki Sizin indi həddindən artıq böyük işləriniz var. Gərək hamımız əl-ələ verərək Sizə kömək edək.