AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “bp-AZƏRBAYCAN” ŞİRKƏTİNİN PREZİDENTİ DEVİD VUDVORDU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Prezident sarayında “bp-Azərbaycan” şirkətinin prezidenti Devid Vudvordu qəbul etmişdir.
Dövlətimizin başçısı məmnunluqla qeyd etdi ki, bu gün o, çox gözəl bir missiyanı yerinə yetirir. Prezident İlham Əliyev iki ay bundan əvvəl “Əsrin müqaviləsi”nin onilliyi ilə əlaqədar Azərbaycanda neft və qaz sektorunun inkişafındakı xidmətlərinə görə Devid Vudvordu “Şöhrət” ordeni ilə təltif olunması ilə bağlı təbrik edərək, bu yüksək mükafatı təqdim etdi.
Səmimi qəbula və Azərbaycan dövlətinin yüksək mükafatına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirən Devid Vudvord on il əvvəl Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının artıq öz bəhrəsini verdiyini, bu strategiyanın həyata keçirilməsində onun təmsil etdiyi bp şirkətinin də fəal iştirak etdiyini vurğuladı. O qeyd etdi ki, tikintisi uğurla davam etdirilən və 2005-ci ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, habelə “Şahdəniz” layihəsi Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi cəhətdən daha da güclənmələrinə təkan verəcəkdir.
Devid Vudvord bu siyasəti davam etdirdiyinə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürünü bildirdi.
Ölkə Prezidenti Azərbaycan hökumətinin və xarici neft şirkətlərinin sıx əməkdaşlığının səviyyəsindən, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisinin uğurla aparılmasından və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanmasından məmnunluğunu bildirdi, bütün bu layihələrin gerçəkləşməsində bp şirkətinin aparıcı rolunu qeyd etdi.
Sonra “bp-Azərbaycan” şirkətinin prezidenti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən digər layihələrə dair işlərin gedişi barədə Prezident İlham Əliyevə ətraflı məlumat verdi.