AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ƏFQANISTANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Prezident sarayında Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Yəhya Mərufinin etimadnaməsini qəbul etmişdir.
Məhəmməd Yəhya Mərufi Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı diplomatla xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi, ölkələrimiz arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyini bildirdi. Azərbaycan sülhməramlılarının Əfqanıstanda fəal iştirak etdiyini və gələcəkdə bu sahədə uğurlu əməkdaşlığın həyata keçiriləcəyini vurğulayan dövlətimizin başçısı səfirin fəaliyyəti dövründə ölkələrimizin əlaqələrinin daha da genişlənəcəyinə əminliyini söylədi.
Məhəmməd Yəhya Mərufi dedi ki, xalqlarımız arasında tarixi dostluq, qardaşlıq münasibətləri mövcuddur və hazırda əlaqələrimiz daha da inkişaf edir. Səfir Azərbaycan sülhməramlılarının Əfqanıstandakı missiyasını yüksək qiymətləndirdi və dövlətimizin başçısını əmin etdi ki, ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəkdir.
######
![]() |
![]() |

