AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRAQ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Prezident sarayında İraqın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ərşad Ömər İsmayılın etimadnaməsini qəbul etmişdir.
Səfir Ərşad Ömər İsmayıl etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV səfirə müraciətlə dedi:
- Hörmətli cənab səfir!
Sizi İraq Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram. Bizim xalqlarımız həmişə bir-birinə yaxın olubdur. Xalqlarımızın gələcəyi naminə gərək biz elə işləyək ki, regionda, bölgədə sülh və əmin-amanlıq yaransın.
Azərbaycanın Dağlıq Qarabağ kimi böyük problemi var. Azərbaycanın torpaqları işğal altındadır və bu işğal uzun illərdir davam edir, ərazi bütövlüyümüz pozulubdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq qaçqın, köçkün var.
İndi İraq xalqı da çətin dövr yaşayır. Biz arzu edirik ki, tezliklə sülh, əmin-amanlıq yaransın və İraq xalqı rahat yaşasın. Azərbaycan da öz tərəfindən bölgədə sülhün, təhlükəsizliyin bərqərar olunmasına töhfəsini verir. Bundan sonra da çalışacağıq ki, bölgədə sülh, əmin-amanlıq olsun, insanlar əziyyət çəkməsinlər.
Sizi Azərbaycanda səfir təyin olunmağınız münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.
X X X
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayıl ilə səmimi söhbət etdi.
Etimadnamənin təqdim olunmasında xarici işlər naziri Elmar Məmmədyarov, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.