AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASİYASININ XARİCİ İŞLƏR NAZİRİ SERGEY LAVROVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Prezident sarayında Rusiya
Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir.
Dövlətimizin başçısı Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycana səfərinin ölkələrimiz arasındakı əlaqələrin hazırkı vəziyyətini müzakirə etmək və əməkdaşlığımızın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətini vurğuladı. Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlərində, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bu münasibətlərin səviyyəsindən razılığını ifadə etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını və əlaqələrimizin daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu söylədi. O, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında mövcud olan yaxşı münasibətlərin regionun sabitliyi və inkişafında mühüm amil olduğunu və bu baxımdan Rusiyanın xarici işlər nazirinin ölkəmizə səfərinə böyük əhəmiyyət verdiyini bildirdi.
Azərbaycana yenidən səfər etməsindən məmnunluğunu söyləyən Sergey Lavrov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını Azərbaycanın dövlət başçısına çatdırdı. O, Rusiya Prezidenti Vladimir Putinin dövlət başçımızla keçirdiyi görüşləri məmnuniyyətlə xatırladığını bildirdi və bu görüşlər zamanı əldə edilmiş razılaşmaların uğurlu nəticələr verdiyini qeyd etdi. Ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığını yüksək qiymətləndirən nazir Rusiyanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini bildirdi. O, bu əlaqələrin gələcəkdə də hər iki xalqın mənafeləri naminə inkişaf edəcəyinə ümidvar olduğunu dedi.
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi və özünün də salamlarını ona çatdırmağı xahiş etdi.