AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN TRT KANALINA MÜSAHİBƏ VERMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Prezident sarayında Türkiyənin TRT telekanalının “Sərhədlərarası” proqramının aparıcısı və prodüsseri xanım Banu Avara müsahibə vermişdir. Saatyarımlıq bu verilişin Azərbaycana həsr olunmasından məqsəd qardaş Türkiyənin televiziya tamaşaçılarına ölkəmizin siyasi, iqtisadi və mədəni həyatı barədə ətraflı söhbət açmaqdır.
Eyni zamanda, verilişdə ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətindən bəhs olunacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev ilə müsahibədə Qafqaz regionunda, ümumən Avrasiya məkanında cərəyan edən siyasi proseslərdən, regiondakı mövcud vəziyyətdən danışılır. Türkiyə tamaşaçıları Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ötən bir ili ərzində ölkəmizdə görülən genişmiqyaslı işlər, əldə olunmuş böyük uğurlar barədə də məlumat ala biləcəklər.