AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV UKRAYNA SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Prezident sarayında Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Anatoli Yurçenkonun etimadnaməsini qəbul etmişdir.
Səfir ANATOLİ YURÇENKO etimadnaməsini Azərbaycan dövlətinin başçısına təqdim edərək dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli cənablar!
İcazə verin, bu gün qəbul olunduğuma və Ukrayna Prezidentinin imzaladığı etimadnaməni Sizə təqdim etmək imkanına görə böyük minnətdarlığımı bildirim. Bu, mənim Ukraynanın Azərbaycan Respublikasında səfiri kimi tanınmağım, Ukrayna üçün çətin bir vaxtda onun siyasi cəhətdən dəstəklənməsi deməkdir.
Azərbaycanla Ukrayna arasında həmişə dostluq olmuşdur. Bu münasibətlər Ukraynanın böyük dostu Heydər Əlirza oğlu Əliyevin rəhbərliyi dövründə xüsusilə inkişaf etmiş, onun 1997-ci ildə Ukraynaya səfəri zamanı konkretləşdirilmiş və təkmilləşdirilmişdir, prezidentimizin 2000-ci ildə Azərbaycana rəsmi səfəri zamanı hüquqi cəhətdən təsbit olunmuşdur.
Hörmətli İlham Heydəroğlu, Sizin Ukraynaya səfərinizin əməkdaşlığın, dostluq və tərəfdaşlığın inkişafında Ukrayna üçün böyük siyasi addım olması bizim üçün çox əhəmiyyətlidir. İqtisadi əməkdaşlığın mühüm istiqamətlərinin gerçəkləşməsi məhz bundan sonra başlamışdır. Bilirsiniz ki, ötən həftə ilk AN-140-100 təyyarəsi Azərbaycana gətirilmiş və Ukrayna Azərbaycanın regional aviasiya xətlərinin inkişafında iştirak etmək imkanı qazanmışdır.
Biz beynəlxalq aləmdə fəal dəstəklənməyimizə və əməkdaşlığa, BMT, Avropa Şurası, ATƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində, habelə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUÖAM, MDB kimi regional təşkilatlarda qarşılıqlı anlaşmaya və əməkdaşlığa görə Azərbaycana çox minnətdarıq.
Hörmətli İlham Heydəroğlu, icazə verin, Sizə böyük minnətdarlığımı bildirim və Azərbaycana, onun əməksevər xalqına sülh və tərəqqi arzulayım.
Diqqətinizə görə sağ olun.
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV etimadnaməni qəbul edərək dedi:
- Hörmətli cənab səfir!
Sizi Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edir və Sizə bu işdə uğurlar arzulayıram.
Ənənəvi olaraq, ölkələrimiz arasında dostluq münasibətləri, yaxın münasibətlər mövcuddur. İki müstəqil dövlətin - Ukrayna və Azərbaycanın qarşılıqlı münasibətləri çox müsbət surətdə təşəkkül tapmışdır və tapır. Biz siyasi müstəvidə və iqtisadi istiqamətdə, humanitar sahədə çox fəal əməkdaşlıq edirik. Bu əməkdaşlıq ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğundur.
Qeyd etdiyiniz kimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyev bu münasibətlərin möhkəmlənməsinə böyük töhfə vermişdir. Bu il mən Ukraynada dövlət səfərində olarkən Prezident Leonid Daniloviç Kuçma ilə birlikdə Kiyevdə Heydər Əlirza oğlu Əliyevin abidəsinin açılışında iştirak etdim. Mən onda da demişdim və indi də demək istəyirəm ki, Heydər Əlirza oğluna Kiyevdə abidə qoyulması və onun xatirəsinin Ukraynada əbədiləşdirilməsi faktını biz Azərbaycanda minnətdarlıqla qarşıladıq. Bu, xalqlarımız arasında səmimi münasibətlər, dostluq və qardaşlıq münasibətləri olduğuna daha bir sübutdur. Regional əməkdaşlıq çərçivəsində də, ikitərəfli münasibətlərdə də aramızda olan qarşılıqlı anlaşma çox yüksək səviyyədədir.
Kiyevdə birgə mətbuat konfransımız zamanı Prezident Leonid Daniloviç Kuçmanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması barədə ifadə etdiyi Ukraynanın birmənalı mövqeyi, əlbəttə, bizim üçün Azərbaycan vətəndaşları üçün ikiqat qiymətli və əhəmiyyətli olmuşdur. Həmin mətbuat konfransında dəqiq və aydın şəkildə bildirilmişdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və Azərbaycan işğaldan azad edilməlidir. Biz bu məsələni sülh yolu ilə həll etməyə çalışırıq. Bu məsələdə Ukraynanın beynəlxalq təşkilatlarda da bizi dəstəkləməsini və tutduğu mövqeyi çox qiymətləndiririk və bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, gerçəkliyi əks etdirən obyektiv mövqe kimi dəyərləndiririk. Əminəm ki, ölkələrimiz arasındakı bu dostluq və mehriban qonşuluq əlaqələri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Biz mal dövriyyəsini də artıracağıq. Qeyd etdiyiniz kimi, Ukraynada istehsal edilmiş ilk təyyarə artıq Azərbaycana gətirilmişdir. Lakin bu, axırıncı təyyarə deyildir, onlar daha çox olacaqdır. Bu, Kiyevə səfərim zamanı əldə edilmiş razılaşmaların bir hissəsidir.
Düşünürəm ki, iqtisadi və humanitar əməkdaşlığın digər istiqamətlərində də böyük nailiyyətlərimiz olacaqdır. Mən Sizi bir daha təbrik edir və Ukraynanın səfiri vəzifəsində uğurlar arzulayıram. Təbii ki, qardaş, dost ölkənin səfiri kimi Siz burada özünüzü evdəki kimi hiss edəcəksiniz.
Sizi bir daha təbrik edirəm.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev və Ukraynanın ölkəmizdəki səfiri Anatoli Yurçenko xatirə şəkli çəkdirdilər, sonra onların arasında səmimi, mehriban söhbət oldu.
Etimadnamənin təqdim olunması mərasimində xarici işlər naziri Elmar Məmmədyarov, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.