AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YAPONİYA SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Prezident sarayında Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tadahiro Abenin etimadnaməsini qəbul etmişdir.
Səfir TADAHİRO ABE etimadnaməsini dövlətimizin başçısına təqdim edərək dedi:
Zati-aliləri cənab Prezident, Yaponiya hökuməti adından və öz adımdan Sizə ən böyük arzularımı və salamlarımı yetirirəm. Mən bu gün Yaponiyanın Azərbaycanda səfiri təyin olunuram. Böyük məmnuniyyət hissi ilə mənim Azərbaycana təyin olunmağımı bildirən etimadnaməni Sizə təqdim edirəm.
Eyni zamanda, Yaponiya İmperatorunun xoş arzularını və salamlarını Sizə yetirməkdən böyük məmnunluq duyuram. Çox xoş haldır ki, dövlətlərimiz arasındakı münasibətlər yüksək səviyyəyə çatmış və ölkələrimiz arasında dostluq əlaqələri yaranmışdır. Mənim buradakı vəzifəm bu əlaqələri daha da möhkəmləndirmək və mümkün qədər genişləndirməkdən ibarət olacaqdır.
Azərbaycan xalqına bir daha ən xoş arzularımı yetirir, Sizə möhkəm cansağlığı arzu edirəm.
Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV səfirə müraciətlə dedi:
- Hörmətli cənab səfir!
Sizi Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. İki ölkə arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Biz çox şadıq ki, bütün sahələrdə aramızda olan münasibətlər çox yüksək səviyyədədir.
Siyasi səhnədə bizim ölkələrimiz çox uğurlu əməkdaşlıq edirlər. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də birgə işləyirlər, bir-birinin mövqeyini daim dəstəkləyirlər. İqtisadi sahədə də bizim əməkdaşlığımız çox yüksək səviyyədədir. Yaponiya hökuməti Azərbaycana çoxlu kreditlər veribdir. Bu kreditlərin hesabına Azərbaycanda çox böyük layihələr həyata keçirilibdir. Eyni zamanda, təmənnasız yardım da göstərilibdir. Bütün bu yardımlara, bu əməkdaşlığa görə sizdən xahiş edirəm ki, Yaponiya hökumətinə mənim təşəkkürümü çatdırasınız.
Humanitar sahədə də aramızda olan əlaqələr bizi tam qane edir. Yəqin bilirsiniz ki, burada Yaponiya hökumətinin xətti ilə çoxlu humanitar məsələlər həll olunubdur, məktəblər tikilib, digər infrastruktur layihələri həyata keçirilibdir. Şübhəsiz ki, bu, bizim aramızda olan əməkdaşlığa böyük təkan verir.
Əlbəttə, neft-qaz sektorunda olan əməkdaşlıq da bizi çox sevindirir. Biz çox şadıq ki, Yaponiya şirkətləri Azərbaycanda uğurla işləyirlər, sərmayə qoyurlar, Azərbaycana inanırlar və Azərbaycan üçün çox gözəl tərəfdaşlara çevriliblər.
Bir sözlə, bizim aramızda bütün sahələrdə gözəl əməkdaşlıq var. Ümid edirəm ki, bu əməkdaşlıq daha da güclənəcəkdir. Sizi bir daha bu böyük vəzifə, təyinat münasibətilə ürəkdən təbrik edir, uğurlar arzulayıram.
X X X
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe ilə səmimi söhbət etdi.
Etimadnamənin təqdim olunmasında xarici işlər naziri Elmar Məmmədyarov, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.