AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN UKRAYNANIN BAŞ NAZİRİ VİKTOR YANUKOVİÇ İLƏ GÖRÜŞÜ
Prezident İlham Əliyev ölkələrimizin iqtisadi sahədə çox uğurlu əməkdaşlıq etdiklərini, hökumətlərarası komissiyanın bu baxımdan səmərəli fəaliyyət göstərdiyini vurğuladı. İqtisadi əməkdaşlığın geniş perspektivləri olduğunu söyləyən dövlətimizin başçısı dedi ki, indiki səfər çərçivəsində imzalanmış sənədlər əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar açacaqdır.
Azərbaycan Prezidenti ümummilli liderimiz Heydər Əliyevin Kiyevdə abidəsinin qoyulması qərarına görə Ukrayna rəhbərliyinə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyevin Ukraynaya dövlət səfərinin uğurlu keçməsindən məmnunluğunu söyləyən Baş nazir Viktor Yanukoviç qarşılıqlı surətdə faydalı əməkdaşlığın ölkələrimizin mənafelərinə uyğun olduğunu vurğuladı.
Görüş zamanı bir sıra istiqamətlərdə - hərbi-texniki sahədə, neft və qaz yataqlarının birgə işlənilməsi, Odessa-Brodı neft kəməri, Ukrayna şirkətlərinin Azərbaycanın neft sənayesinə sərmayə qoyması, ölkəmizin dəmir yolu parkının Ukraynada modernləşdirilməsi, gəmiqayırma və aviasiya sənayesi üzrə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyev və Ukraynanın Baş naziri Viktor Yanukoviç işgüzar nahar yeməyində söhbəti davam etdirdilər.