AZƏRBAYCAN PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dövlət başçıları Azərbaycanla Ukrayna arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulamışlar.
Ukrayna Prezidenti Azərbaycanda qarşıdan gələn seçkilərə hazırlıq və son zamanlar gedən proseslər ilə maraqlanmışdır. Dövlətimizin başçısı parlament seçkilərinə hazırlıq işlərindən danışmış və ölkədə ümumi vəziyyətin normal şəkildə inkişaf etdiyini bildirmişdir.
Azərbaycanda son vaxtlar baş verən proseslərə toxunan dövlətimizin başçısı 117 milyon ABŞ dollarından çox dövlət vəsaitini taladığına görə ittiham olunmuş, barəsində beynəlxalq axtarış elan edilmiş, beynəlxalq mafiyanın nümayəndələrindən biri olan və ölkəmizdə oğru kimi tanınan Rəsul Quliyevin Ukraynada saxlanıldıqdan sonra azadlığa buraxılmasının Azərbaycan ictimaiyyətində təəccüb və təəssüf hissləri doğurduğunu bildirmişdir. O, bu cür halların ölkələrimiz arasında ikitərəfli əlaqələrin, beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq aləmdə nüfuzu artmaqda olan GUAM çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etmədiyini vurğulamışdır.
Dövlət başçıları ölkələrimizin xarici işlər nazirliklərinə Azərbaycan və Ukrayna prezidentlərinin görüşünün keçirilməsinə hazırlıq işlərinə başlaması ilə bağlı tapşırıq verilməsi barədə razılığa gəlmişlər.
Söhbət zamanı ikitərəfli əlaqələrin gələcək perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.